“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi”

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi”
“Qarabağ”la “Neftçi” arasında keçirilən oyun heç-heçə başa çata bilərdi”.
Bunu  hər iki komandanın formasını geyinmiş sabiq qapıçı Cahangir Həsənzadə Premyer Liqanın XVII turunda əzəli rəqiblər arasında keçirilən görüş barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis qarşılaşma ərzində “Qarabağ”ın daha çox qol imkanları yaratdığını bildirib: “Oyunu təhlil etsək, görərik ki, “Neftçi”nin bir epizodda qol vurmaq şansı oldu. Amma bu, bütün matçı əks etdirmir. Görüşün böyük qismində “Qarabağ” dominantlıq etdi. Ağdam klubu boşa verilən çox sayda qol imkanları yaratdı. Ancaq “Qarabağ”ın keyfiyyətli oyunu və usta futbolçuları fərq yarada bildilər. Ümid edirəm ki, bu, “Neftçi” üçün siqnal olacaq. Yəqin ki, mövsümün ikinci yarısına hazırlıqda bunların hamısını nəzərə alacaqlar. Çempionatımızda daha güclü, iddialı komandalar görmək istəyirik. Bu da yarışa rəng qatar”.
Cahangir Həsənzadə hazırkı durumda “Qarabağ”ın “Neftçi”dən çox güclü olduğunu düşünür: “Hər matçda inkişafa doğru gedən, oyun üslubunu sürətlə yaxşılaşdıran “Qarabağ” görürük. Hazırkı durumda “Neftçi” “Qarabağ”la rəqabət aparacaq komanda deyil. Onlar arasında keçirilən son oyun göstərici oldu. İki nəhəng klubun qarşılaşması idi. Turnir cədvəlində mövqelərindən asılı olmayaraq, hər iki tərəf gücünü meydanda göstərməli idi. “Qarabağ” kifayət qədər keyfiyyətli oyun sərgilədi. “Neftçi”nin isə hər hansı müqavimətini, əks həmləsini görmədik”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Ağdamlılar hazırda 38 xalla turnir cədvəlinə başçılıq edirlər. “Neftçi” isə 25 xalla 5-ci pillədə qərarlaşıb.
Gundelik-Baku.Org