Qobuda adam oğruları tutuldu

Qobuda adam oğruları tutuldu
Abşeron rayonunda adam oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
DİN-in mətbuat xidməti xəbər verir ki, Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini, daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladığını bildirib. Sonra mobil telefon və pulu həmin şəxslər tərəfindən əlindən alınıb Bədəməllər zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər. 
Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlanılıb. Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar.
Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib. Araşdırmalarla bu şəxslərin Qobu və ətraf  qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb. 
Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən  həyata keçirilən daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib. 
Toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Gundelik-Baku.Org