Sumqayıtda oğul atasının obyektini qəsdlə yandırıb

Sumqayıtda oğul atasının obyektini qəsdlə yandırıb
Sumqayıtda oğul atasının obyektini qəsdlə yandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 9-u gecə saatlarında şəhərin Qurd dərəsi yaşayış massivinin ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə FHN-in "112” qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Doluxanov Elman Museyib oğluna məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Doluxanov Elman Museyib oğlu ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib. Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı öz təsdiqini tapıb.

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Gundelik-Baku.Org