Davos forumunda 5 min əsgər təhlükəsizliyi qoruyacaq

Davos forumunda 5 min əsgər təhlükəsizliyi qoruyacaq
İsveçrənin Müdafiə Nazirliyi bazar ertəsi günü Davosda başlayacaq Ümumdünya İqtisadi Forumunda (WEF) təhlükəsizliyi təmin etmək üçün silahlı qüvvələrin 5 minə qədər əməkdaşının yerləşdiriləcəyini açıqlayıb. Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Nazirlikdən bildirilib ki, yanvarın 15-19-da keçiriləcək beynəlxalq tədbir zamanı hərbçilər Davos bölgəsindəki Landvasser vadisində yerləşdiriləcək. İsveçrə silahlı qüvvələrinin əsgərləri hava suverenliyi, logistika və komanda dəstəyi daxil olmaqla, bütün təhlükəsizlik tədbirlərini həyata keçirmək məqsədilə bu ölkənin qalan bölgələrində də yerləşdiriləcək.

2021-ci ilin sentyabrında İsveçrə parlamenti WEF-in 2022-2024-cü illər üçün illik tədbirlərində ordunun yerləşdirilməsi xərclərini təsdiqləyib və bu məqsədlər üçün hər il 2,55 milyon İsveçrə frankı (təxminən 2,99 milyon dollar) vəsait ayırıb.

Bununla belə, WEF-in özəl fondu təhlükəsizlik xərclərinə daha çox töhfə verir. Nazirliyin məlumatına görə, ordunun yerləşdirilməsinə görə məsuliyyəti Davosun yerləşdiyi İsveçrənin Qraubunden kantonunun mülki orqanları daşıyır. O da qeyd edilib ki, ordu hava suverenliyinə cavabdehdir.

Hərbi Hava Qüvvələri hava polisi xidmətini gücləndirməli və müşahidə uçuşları həyata keçirməlidir. Nazirlik bildirib ki, İsveçrə Hərbi Hava Qüvvələri hava məkanının təhlükəsizliyini təmin etmək üçün Avstriya və İtaliyadan olan tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

Davosda müntəzəm olaraq WEF-ə qarşı etirazlar baş verir. Məsələn, keçən il 600-dən çox iqlim fəalı iqlim ədaləti üçün mövqe nümayiş etdirmək məqsədilə Davosa yürüş edib və WEF iştirakçılarının gəlməsinin qarşısını almaq üçün St. Gallen-Altenrhein hava limanını qısa müddətə bağlayıblar.
Gundelik-Baku.Org