Deputatların unuda bilmədiyi MÜƏLLİMLƏRİ

Deputatların unuda bilmədiyi MÜƏLLİMLƏRİ
5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. Bu gün Azərbaycan müəllimləri də öz peşə bayramlarını qeyd edirlər. Özəl günlərini sinif otağında keçirən müəllimlər cəmiyyətin memarları hesab olunurlar. Bu danılmaz faktdır ki, hər bir şəxsin layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri var. 
 
Bu gün qazandığımız bilik və bacarıqlara görə məhz onlara - əziz müəllimlərimizə borcluyuq. Onları nə qədər təbrik etsək, nə qədər xoş sözlər desək də, borclarını qaytara bilmərik. 
 
Müəllimlər unudulmur deyirlər, bəs onlar necə xatırlayırıq?
 
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatları ilk müəllimləri barədə xatirələrini bizimlə bölüşüblər. 
 
Deputat Etibar Əliyev deyib ki, dərsləri həvəslə öyrədən müəllimlər daim öz şagirdlərinin xatirəsində yaşayır:
 

 
“İlk müəllimim Sidiqə xanım olub. Çox tələbkeş və savadlı müəllim idi. Vedi rayonunun Şirazlı kəndində sevilən müəllimlərdən olub. Müəllim tədrisi yaxşı keçirsə, uzun illər yaddaşlarda qala bilər. Kimya müəllimim var idi, dərsi elə gözəl izah edirdi ki, indiyə kimi bütün kimyəvi elementlərin valentliyi yaddaşımda qalıb. Hər kəsin həyat yolu ilk müəllimdən başlayır. Bu maraqlı haldır ki, insanlar həmişə ilk müəlliminə bənzəmək istəyir. Çünki uşaq beyni ağ lövhədir, orada nə yazılırsa, əbədi olaraq yaddaşda qalır. Həyatımda böyük rolu olan Riyaziyyat müəllimim Əli Balayev olub. Çox tələbkar müəllim idi, uşaqları olimpiadalara hazırlayırdı. Məktəb mühiti heç vaxt mənim yadımdan çıxmır, ciddi nizam-intizam var idi. Müəllimlərimiz tədrislə bərabər bizi tərbiyələndirirdi”, - deyə deputat məktəb illərini yada salıb.
 
Özü də müəllim olan deputat Elman Nəsirov isə bildirib ki, müəllimlərini hər zaman müqəddəs şəxslər olaraq görüb:
 

 
“Müəllimləri xatırlayanda ağlıma ilk bu gəlir, elə bilirdik ki, müəllimlər nə yemək yeyir, nə də çay içir. Müəllimi görən kimi başımızdan papağı çıxarırdıq, onlara müqəddəs varlıq kimi baxırdıq. Həyatımda ən böyük rolu olan müəllim atamdır, riyaziyyat müəllimim idi. Heç vaxt unutmayacağım bir söz demişdi mənə. “Oxuyanda, təhsil alanda sıradan olma, çalış ki, nəticələrin olsun” atam mənə demişdi. Mən də atamın sözündən nəticə çıxararaq təhsilimi uğurla başa vurdum, universiteti qırmızı diplomla bitirdim. Bu gün təhsilin, elmin inkişafı üçün  çox böyük imkanlar pəncərəsi açılıb”.
 
Deputat Aydın Mirzəzadə hələ də müəllimləri ilə əlaqə saxladığını qeyd edib. Hazırda özü də müəllim olan parlamentari məktəb çağlarını belə xatırlayıb:
 

 
“Mingəçevirə gedəndə ibtidai sinif rəhbərim olan Xanım müəllimlə görüşməyə çalışıram. Orta məktəbdəki bütün müəllimlərimi çox gözəl xatırlayıram. Bəziləri dünyadan köçüb, amma həyatda olanlar da var. Bitirdiyim iki ali məktəbdə savadlı, tələbkar müəllimlərim olub, onlarla hələ də dostam.
 
30 ildir ki, ali məktəbdə müəllim olaraq çalışıram, təxminən 2700-ə qədər tələbəm olub. Hər bir tələbəmi şəxsiyyət olaraq görmüşəm. Mənim gözləri tamamilə görməyən, əkiz olan, eyni ailədən olan, müəllimin oğlu olan, dərs dediyim tələbənin övladı olan tələbələrim olub. Bunlar mənim üçün unudulmaz xatirələrdir. Keçmiş tələbələrimin ikisi səfirdir, nazir müavinləri və müşavirləri olan, hazırda universitet rektoru olan tələbələrim var, bu böyük şərəfdir mənim üçün. Müəllim olmaq gələcək üçün nəsil yetişdirməkdə iştirak etmək deməkdir”.
Gundelik-Baku.Org