Növbədənkənar seçkinin bir qalibi olacaq: Azərbaycan xalqına arxalanan cənab İlham Əliyev... - Kor, QISIR MÜXALİFƏT seçkini necə baykot edə bilər..?

Növbədənkənar seçkinin bir qalibi olacaq: Azərbaycan xalqına arxalanan cənab İlham Əliyev... - Kor, QISIR MÜXALİFƏT seçkini necə baykot edə bilər..?
Müxalifət deyir ki, seçkini niyə soyuq fevral ayına təyin ediblər..? 
Məlumdur ki, cənab Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 7 fevral 2024-cü il  tarixində keçiriləcək seçkinin Azərbaycan tarixində bənzərsiz bir seçki olduğunu yaxın zamanda xalqımız görəcək. 
Gəlin, Azərbaycanda keçirilən Prezident  seçkilərinin tarixinə qısa nəzər salaq. İlk seçki 1991-ci ildə, ikinci Prezident seçkisi 1992-ci ildə, sonra 1993-cü ildə, dördüncü  seçki 1998-ci ildə, daha sonra 2003-cü ildə, altıncı seçki 2008-ci ildə, yeddinci seçki isə 2013-cü ildə keçirilib. 
Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq növbəti Prezident, seçkisi 2018-ci ilin oktyabr ayının 10-na təyin edilməli idi. Ancaq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edildi və cənab İlham Heydər oğlu Əliyev 7 il müddətinə Azərbaycan Prezidenti seçildi. 
Bəli, indi Azərbaycan cəmiyyəti 7 fevral 2024-cü il tarixində keçiriləcək YENİ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİSİNƏ hazırlaşır. 
Yazının girişində qeyd etdik ki, bu seçki Azərbaycan tarixində QALİB PREZİDENTİN SEÇKİSİ OLACAQ. Nə qədər acı olsa da, məlumdur ki, bütün seçkilərdə Azərbaycan tərəfi düşmənlə müharibədə məğlub durumda olub. Həm də təsəvvür edirsiniz Azərbaycan ərazisinin 20 faizi işğal altında olub, 1 milyon qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız ən çətin şəraitdə yaşam tərzini dövlətimizin, Dövlət Başçımızın dəstəyi ilə tənzimləyə bilib.
Etiraf etməliyik ki, belə bir durumda insanlarda  seçki əhval-ruhiyyəsi o qədər də güclü olmur. Ancaq  bu dəfəki seçki Azərbaycan tarixində  bənzəri olmayan  bir seçki olacaq. Çünki az qala 300 ildir işğal olunan torpaqlarımızı Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi, şəhid əsgərlərimizin qanı-canı bahasına qaytarmışıq və ərazi bütövlüyümüz bərpa olunub. Xarici güclər bunu təsəvvür edə bilmirdi. 
Təsəvvür edirsiniz, Azərbaycan həmişə Cənubi Qafqazda məğlub durumda olub. Amma 44 günlük Zəfər müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bir anlığa təsəvvür edin ki, o boyda Ukrayna Krımı, Donbası, Gürcüstan Abxaziyanı, Osetiyanı, Moldova Dnestryanı itirib və 1 metr ərazi geri qaytara bilmir. Amma Azərbaycan 44 gündə öz ərazi bütövlüyünü bərpa elədi və Prezident İlham Əliyev Xankəndində Hərbi Paradı qəbul etdi. Bəli, bizim Ermənistanla müharibədə qalib gəlməyimiz İlham Əliyevin uzaqgörən siyasətçi olduğunu dünyaya sübut elədi. 
Bu gün azad olunmuş ərazilərdə yüz ildə görülməyən işlər görülür, yollar, tunellər salınır, iş yerləri açılır və daha nələr... Bütün bunlar dünyada heyrətlə qarşılanır. Bizim kor, QISIR MÜXALİFƏT isə bu boyda işləri görməzdən gəlir. 
İndi gəlin bəzi müxalifət partiyalarının seçki ilə bağlı 2 gündür yaydıqları bəyənatlara, daha doğrusu, kağız parçasına nəzər salaq. Bəzi müxalifət partiyaları bəyan edir ki, hazırda növbədən kənar seçkiyə ayrılmış müddət çox azdır. Bunlara başa salan yoxdur ki, siyasi partiya hər zaman seçkiyə hazır olmalıdır. Sizə 5 ay, 10 ay, hətta 5 il vaxt ayrılsa da siz heç vaxt seçkinin qalibi ola bilməzsiniz. Qısır müxalifət yazır ki, növbədənkənar seçkiyə nə ehtiyac var idi..? Yenə bunlara qandıran lazımdır ki, 30 ildə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Qubadlıda, Ağdamda, Cəbrayılda, Füzulidə, Zəngilanda və s seçki keçirilməyib, hətta orada Azərbaycan bayrağı dalğalanmayıb. 
Fərqi başa düşdünüzmü, ay geri zəkalılar..? Hələ bu harasıdır..? Müxalifət yazır ki, cənab İlham Əliyev seçkini niyə soyuq fevral ayına təyin edib..? Guya onda seçicilər aktiv olmayacaqlar... Vallah, bunların olmayan ağlına dua yazdırmaq lazımdır... Bəlkə, seçkinin yayın cırhacırına salsaydılar, sizin olmayan elektorat qızışıb meydanlara axacaqdı..? Adam söz tapa bilmir ki, bu dayaz ağılın sahibləri necə siyasi hakimiyyətə gəlmək istəyirlər..? Sözün qısası, seçkinin yaya, qışa dəxli yoxdur. Sizin qatarınız çoxdan gedib. Bir dəfə 1992-ci ildə hakimiyyətə gəlib millətin başına faciə gətirdiniz. Daha belə bir hal baş verə bilməz. Siz 3-5 min imza toplaya  bilmirsiniz, Sözün qısası, bu seçkinin qalibi Azərbaycan xalqına arxalanan FATEH İlham Əliyev olacaq.
                               Habil Vəliyev "Yeni Əkinçi" Qəzetinin Baş Redaktoru
Gundelik-Baku.Org