Atalar deyir ki, qozbeli qəbir düzəldər... - Əli Kərimli kimi siyasi qozbelləri heç qəbir də düzəltmir...

Atalar deyir ki, qozbeli qəbir düzəldər... - Əli Kərimli kimi siyasi qozbelləri heç qəbir də düzəltmir...
Laçına dostu Əliqulugilə gedən Əli Kərimli yalandan deyir ki, Laçında döyüşmüşəm... 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP ) sədri Əli Əmirhüseyn oğlu Kərimli 28 aprel 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. İxtisasca hüquqşünasdır. Universitetə nə vaxt daxil olduğu tərcümeyi-halında göstərilməyib. Niyə...? Niyəsini qoy özü desin.... 
İndi isə keçək Əli Kərimlinin anti-milli əməllərinə. Əli Kərimlinin Xalq Hərəkatında az-çox tanınması ötən əsrin 88-90-cı illərində oldu. Əli Kərimli kimlərinsə sifarişi və təlimatı ilə Xalq Hərəkatına qoşuldu. Bir daha deyirik ki, kimlərinsə sifarişi ilə. Əli Kərimli həmin dövrdə komsomol katibi idi. 
Təsəvvür edirsiniz, komsomol katibi bir gecənin içərisində dönüb hərəkatçı oldu, yurdçu oldu, Elçibəyçi oldu. Axırda da Elçibəyi satdı. Bax, Əli Kərimli belə rəngini tez-tez dəyişən siyasi  buqələmundur... Təsəvvürünüzə gətirin XALQ Hərəkatının ilk illərində Əli Kərimlinin ətrafında kimlər var idi... Bacanağı, həm də tələbə dostu Əliməmməd Nuriyev, Fazil Mustafayev, Qulamhüseyn Əlibəyli, Qüdrət Həsənquliyev və digər tələbə dostları. İndi baxın görün Əli Kərimlinin ətrafında bu tələbə dostlarından, necə deyərlər köhnə silahdaşlarından bircə nəfər qalıbmı..? 
Deməli, tələbə dostları Əli Kərmlinin satqın, xəyanətkar, ancaq öz mənafeyini düşünən, anti-milli ünsür olduğunu bildikcə ondan uzaqlaşdılar. Təkrar-təkrar yazmağa məcburuq ki, Əli Kərimli öz vicdanının səsi ilə deyil, konkret sifarişlə Xalq Hərəkatına qoşulmuşdu. 
Yeri gəlmişkən, 88-90-cı illərdə  bir çox ali məktəblərin tələbələri geniş və rahat auditoriyalardan ayrılaraq döyüşlərə yollandılar, şəhid olanlar da oldu, qazi olanlar da... Əli Kərimli də guya Qarabağ veteranı olduğunu, Laçında döyüşdüyünü deyir. Universitet könüllülərinin  komandiri deyir ki, o vaxt döyüşən tələbələrin hamısının siyahısı əlimizdə var, orada Əli Kərimlinin adı yoxdur. Əli Kərimli Laçına dostu Əliqulugilə gedib, yalandan deyir döyüşmüşəm... 
Əli Kərimlinin kor yaddaşını təzələmək üçün  deyirik ki, sən BDU-nun 2 saylı yataqxanasındakı “profkom” Boranın otağına gedə bilərdin, sənin yerin döyüş bölgəsi deyildi... Bilirsəndə Boranın da otağında güclü qumar gedərdi... Cəbhəçilərin bütün planları  həmin qumar otağında qurulurdu. Amma mən çox məəttəl qalmışam ki, nə üçün indiyə qədər "profkom" Boran Əli Kərimlinin yaramaz əməllərindən danışmır?
Fikir verdinizmi, bu adam hər bir hadisədən öz mənafeyi üçün yararlanmağı bacarır... 
Xalq Hərəkatı dövründə rəhmətlik Nəcəf Nəcəfovun köməyi ilə “Azadlıq” qəzetinin müxbiri olan Əli Kərimli  1992-ci ildə AXC-Müsavat hakimiyyətində təmsil olundu, özü də Prezident Aparatında “Ərazi idarəetmə orqanları şöbəsi”nin müdiri kimi. 
Təsəvvür edirsiniz, parta arxasından duran, ağzından süd iyisi gələn, ömründə bircə saat idarəetmədə işləməyən Əli Kərimli bütün rayonların icra başçılarına nəzarət edir... AXC-Müsavat hakimiyyətinin zibil gününə düşməsinin səbəblərindən biri də Əli Kərimli kimi səriştəsiz kadrlar idi. 
Təsəvvür edirsiniz, bir müddət “Ərazi idarəetmə orqanları şöbəsi”nin müdiri olan Əli Kərimli az vaxt sonra Dövlət katibi ola bildi. Biz axı yuxarıda yazdıq ki, Əli Kərimlini Xalq Hərəkatına sifarişlə gətirənlər onu az vaxtda DÖVLƏT KATİBİ postuna qədər sürüşdürə bildi. O zaman dövlət katibi vəzifəsi az qala Prezidentdən sonra ikinci vəzifə hesab edilirdi. Hələ bu harasıdır..? 
Əli Kərimli həyat yoldaşı Samara xanımı da Hüquq şöbəsində vəzifə ilə təmin elədi. Bir anlığa gözünüzün önünə gətirin... Səhər evdən ər-arvad Əli Kərimli və Samara çıxır, Prezident Aparatına işə gəlməyə. Və hər ikisinin arxasınca dövlət xidməti avtomobili gəlir... Özləri də deyirdilər ki, dövlətin büdcəsi boşdur...Görəsən bu ər-arvadın eyni avtomobildə PA-na gəlməsinə nə mane olurdu..? 
Yeri gəlmişkən, Əli Kərimli 1993-cü ildə guya dövlət katibi postundan gedəndən  sonra xanımı Samara neçə il qalıb PA-da işlədi..? Vəzifədə olduğu müddətdə Əli Kərimli Bakıdakı iri obyektləri ələ keçirmək istəyirdi. 1993-cü ildə  Surət Hüseynov Bakıya gələrkən AXC-Müsavat hakimiyyətinin digər vəzifə sahibləri kimi Əli Kərimli də bir müddət qaçıb haradasa gizləndi və sonra gəlib AXC-yə sahib oldu. Və lideri Əbülfəz Elçibəyi hər yerdə ifşa etməyə çalışıdı. Və nəhayət Xalq Hərəkatının  üzdə olan nümayəndələrini qurumdan uzaqlaşdırıb, AXCP-ni öz şəxsi şirkətinə çevirdi. 
Xatırlatma üçün yada salaq ki, qarşıdan 1995-ci ilin parlament seçkiləri gəlirdi və o zaman proporsional sistem qüvvədə idi. Və Əli Kərimli başqa olmaqla 5 nəfər AXCP üzvü parlamentə düşə bildi. 
Biz bir çox beynəxlaq təşkilatlardan, SOROS-un qurumundan göndərilən milyonlarla qrantı demirik. Bu pullar Azərbaycana qarşı pozuculuq fəaliyyəti üçün ayrılırdı. Bu günədək çoxlarının bilmədiyi bir məsələni də yada salaq. 
Təsəvvür edirsiniz, Rusiyanın hərbi-sənaye kompleksi Əli Kərimliyə külli miqdarda yardım edirdi. Niyə, məqsəd nə idi ..? Bir məsələni də xüsusi olaraq  qeyd edək. ABŞ dövlətinin Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş Əli Kərimli dövlət katibi olanda qəbul edilib. İndi təsəvvür edin ki, hansısa müxalifət partiyası ABŞ-nın bu qərarına etiraz etmək üçün mitinq  keçirmək istəyəndə Əli Kərimli bunu pozurdu. Çünki ABŞ-dan, SOROS-dan pul alırdı. Bütün bunlar ortada ola-ola Əli Kərimli çirkin oyunlarından əl çəkmək  istəmir. 
Belə ki, az qala 200 ildir davam edən Qarabağ problemini 44 günə və 23 saata həll edən və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan Müzəffər Prezidentimiz İlham Əliyevin hərbi və siyasi uğurları Əli Kərimli kimi radikal ünsürləri pis vəziyyətə qoyub. 
Bütün Dünya Azərbaycanlıları sevinir ki, nəhayət torpaqlarımız düşmən tapdağından azad oldu, ərazi bütövlüyümüz bərpa olundu və s. Əli Kərimli isə heç bir arqument tapmadığı üçün deyir ki, azad olunmuş torpaqlar müxtəlif şirkətlərə verilib. Bu adamdan soruşan lazımdır ki, bu şirkətlər də, orada çalışan  insanlar da Azərbaycana məxsusdur. Bəs sənin niyə qarnın ağrıyır, Əli Kərimli..? Atalar deyir ki, qozbeli qəbir düzəldər. Amma son 20-30 ildə baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Əli Kərimli kimi siyasi qozbelləri heç qəbir də düzəltmir... 
Bəlkə də Əli Kərimli kimilərin də başına DƏMİR YURUQ ensə erməni kimi ağılları başlarına gələr...
                                                                           "Gundəlik-baku.com"
Gundelik-Baku.Org