Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin Diasporamıza dəstəyi... - 44 günlük Qarabağ müharibəsində Fuad Muradov başda olmaqla Diasporamız sözün həqiqi mənasında döyüşdü…

Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin Diasporamıza dəstəyi... - 44 günlük Qarabağ müharibəsində Fuad Muradov başda olmaqla Diasporamız sözün həqiqi mənasında döyüşdü…
Diaspora hər hansı bir millətin nümayəndələrinin tarixi, dogma vətənindən kənarda, sadə dildə desək qürbətdə yaşaması ilə bağlıdır. Çox təəssüf ki, başqa millətlərlə müqayisədə bizim Diasporamız ya olmayıb, ya da çox zəif olub. 
Təsəvvür edin ki, bizim düşüncə sahibləri deyir: QÜRBƏTDƏ xan olunca, VƏTƏNİNDƏ dilən gəz... Niyə bizim millətin namayəndələri ABŞ-da, İngiltərədə, Fransada, İsveçdə söz sahibi olmasınlar..? Nə isə əsas mövzudan yayınmayaq. 
Yuxarıda qeyd etdiyimiz kimi başqaları ilə müqayisədə bizim Diasporamız yox dərəcəsində olub. Yaşlı nəsilin yaxşı yadında olar, 70-ci illərdə Ulu Öndərimiz Heydər Əliyev Respublikamıza rəhbərlik edəndə Azərbaycanlı gənclərin ölkəmizdən kənarda təhsilinə xüsusi önəm verirdi. Məqsəd ancaq həmin gənclərin yüksək təhsil alıb Azərbaycana qayıtması deyildi. Əlbəttə, həmin gənclərin yetərli hissəsi ölkəmizə qayıdıb fəaliyyət göstərirdi. Ancaq həmin gənclərin bir hissəsi o zaman təhsil aldıqları ölkələrin vətəndaşlıqlarını qəbul edərək orada çalışır və həmin ölkələrdə Azərbaycanı uğurla təmsil edirdilər. Bu uzaqgörən bir siyasət idi. 
Bu gün də həmin siyasəti Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Və son 10-15 ildə minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın məşhur universitetlərində təhsil almağa göndəriliblər. Bu gənclərin bir hissəsi yüksək təhsillə Azərbaycana qayıdaraq dövlətin müəyyən strukturlarında fəaliyyət göstərirlər. Ancaq geri qayıtmayanlar da Azərbaycan üçün həmin ölkələrdə uğurlu təmsilçi olaraq, işlərini dövlətçiliyimizin inkişafı üçün qururlar. Yəni diasporamız getdikcə inkişaf etməyə başlayır. 
Onu da bilməliyik ki, müasir dünyada tankdan-topdan çox informasiya müharibəsi gedir. Bu məsələdə Diasporaların çox böyük rolu var. Bir anlığa ötən əsrin 90-cı illərinə qayıdaq. 100 minlərlə soydaşlarımız öz dədə-baba torpaqlarından qovulur, qətlə yetirilir… 
Dəhşətli 20 Yanvar qırğını baş verir, əli yalın insanlarımız öldürülür…Amma… 
Amma dünyanın gözləri kor, qulaqları kardır, bizi görmür, bizi eşitmir. Niyə..? Çünki heç bir ölkədə xırdaca da olsa Diasporamız yox idi. Azərbaycanı informasiya blokadasına almışdılar. Ancaq düşmənimiz mənfur ermənilərin səsi ABŞ-dan, Fransadan, Avropa, hətta Ərəb ölkələrindən gəlirdi. Çünki onlar yüz illər boyu güclü Diaspora yaratmışdılar. Ona görə də informasiya məsələsində biz onlara uduzurduq. 
Təsəvvür edin ermənilər bizim qaniçən obrazımızı dünyaya yaymışdılar. Az qala bütün dünya cəfakeş ermənilərin hüquqlarından, azərbaycanlıların ermənilərə etdiyi zülmlərdən danışırdı. Bizim haqq səsimizi isə eşidən yox idi. O zamanlar bunun ciddi səbəbləri var idi. Məlumdur ki, ermənilər o zamankı Mərkəzi Komitədə, Nazirlər Sovetində, xəbər agentliklərində və digər qurumlarda yüksək səviyyədə təmsil olunurdu. Digər tərəfdən sovet məkanının dünyaya informasiya sahəsində yeganə çıxış yolu Moskva idi. Yəni informasiya ancaq Moskva vasitəsilə dünyaya ötürülürdü, Moskva isə “bizim göz yaşlarımıza inanmırdı”. Və üstəgəl dünyadakı güclü erməni lobbisi. 
Şükür, Ulu Öndərimizin başladığı dərin siyasəti bu gün Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində artıq bir çox ölkələrdə diasporamız uğurla fəaliyyət göstərir və artıq dünya bizim haqq səsimizə səs verir. Diasporanın əhəmiyyəti müasir dünyada o qədər güclüdür ki, ölkəmizdə Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. 
Məlumat üçün qeyd edək ki, 2002-ci ilin 5 iyulunda Ulu Öndərimiz Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 
Komitə - Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 
Fuad Muradov 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. Təkcə bir faktı xüsusi olaraq qeyd edək ki, 44 günlük müharibədə və ondan sonrakı dövrdə lokal anti-terror əməliyyatı zamanı başda Fuad Muradov olmaqla komitə, ümumiyyətlə, diasporamız bütün gücünü ortaya qoydu. Və erməni diasporasını məğlub elədi. 
Fuad Muradov haqqında qısa məlumatı da oxucuların diqqətinə çatdıraq. Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. 1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf Mühit və Neft Sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur. 2010-cu ildə "Neftin İlkin Emalı Zamanı Ətraf Mühitə Atılan Tullantıların Tərkibində Radionuklidlərin Analizi və Paylanma Qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, Kimya Elmləri üzrə Fəlsəfə doktorudur. 2002–2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilmişdir. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004–2012-ci illərdə isə həmin Şuranın sədri vəzifəsini daşımışdır. 2005–2015-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olmuşdur. 2005-ci ildə keçirilmiş III Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü olmuşdur. 2010-cu ildə keçirilmiş IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin üzvü olmuşdur. 2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olmuşdur. 2015-ci ildən Münix Gənc Liderlərin üzvüdür. 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.
Bu gün Fuad Muradov və rəhbərlik etdiyi Dövlət Komitəsi Müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin dünya miqyaslı siyasəti nəticəsində dünyadakı ən güclü diasporaların qarşısına Azərbaycan diasporasını çıxara bilmişdir.
                           Habil Vəliyev / "Yeni Əkinçi" qəzetinin baş redaktoru
Gundelik-Baku.Org