Heydər Əliyevin missiyası... - Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü....

Heydər Əliyevin missiyası... - Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü....
Bu gün Ukrayna və Rusiya arasındakı müharibəyə fikir verəndə, adam dəhşətə gəlir. 
Təsəvvür edirsiniz, XXI əsrdə  iki qardaş xalq arasında sözün həqiqi mənasında amansız müharibə gedir. Biz hamımız 1941-45-ci illərin  müharibədən bəhs olunan kinolarına baxmışıq. 
Yəni Hitlerin faşist ordusu ilə Stalinin sovet ordusu arasında müharibə indiki Rusiya-Ukrayna arasındakı müharibə ilə müqayisədə çox bəsitdir. 
Bu gün Rusiya-Ukrayna müharibəsində ən müasir silahlardan istifadə olunur. Bu girişi yazmaqda məqsədimiz odur ki, bu amansız müharibənin qarşısını ala bilən lider  ortada olmadı. Dahi Hüseyn Cavid yazırdı: Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur  yer üzünü. Bəli, indi dünyada baş verənlər fonunda gəlin 1993-cü ildə Azərbaycanda  baş verənlərə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasına nəzər salaq. Axı, müdriklər  deyib ki, hər şey müqayisədə bəlli olur. 
Bəli, bu gün Ukraynada baş verənlər  1993-cü ildə Azərbaycanda baş verənləri yada salır. 
Xatırlatma üçün qeyd edək ki, 1993-cü ildə  Azərbaycanda  hərbi birləşmənin hökumətə tabe olmaması səbəbindən ölkədə siyasi  böhran yarandı və nəticədə prezident  Əbülfəz  Elçibəy və onun komandası hakimiyyətdən qaçmağa məcbur oldu. Xalqın çağırışı ilə  hakimiyyətə Ulu Öndərimiz Heydər Əliyev gəldi. 
Heydər Əliyev hakimiyyətə gələndə Dağlıq Qarabağ  və bir çox rayonlar işğal olunmuşdu,  ölkədə vahid ordu  yox idi, ancaq  müxtəlif  silahlı dəstələr var idi. Ermənilər isə Gəncə şəhərini tutmağa hazırlaşırdılar. 
Digər tərəfdən  bəzi qüvvələr Talış Muğan Respublikasını elan edərək, Azərbaycanı parçalamağa hazırlaşırdılar. Bütün bunlardan əlavə ölkənin dövlət xəzinəsi  boş idi, çörək növbələri  və daha nələr. Rusiya isə  sərhədləri bağlayıb iqtisadi sanksiyalar tətbiq edirdi, ölkədə ərzaq  qıtlığı yaranmışdı. Fransa, ABŞ və digər ölkələr ermənilərə  dəstək verir, bizə hədə-qorxu gəlirdi. 
Yəqin çoxlarının yaxşı yadında olar ki, qonşu İran İslam Respublikası da hər gün dövlət sərhədlərimizi pozurdu. Bax, 1993-cü ildə Heydər Əliyev Azərbaycanı bu faciəli  durumda  qəbul etdi. 
Bəli, Heydər Əliyev qısa  vaxtda Azərbaycanı bu faciəli  durumdan çıxara bildi. Və ölkədə uzunmüddətli sabitlik yarandı.  Sabitlik olmadan isə inkişafdan danışmaq tam mənasızdır. 
Bəli, 1993-cü ildə  Heydər Əliyev  ölkənin taleyi ilə bağlı bütün məsuliyyəti  öz üzərinə götürərək, heç bir  dəstək olmadan  az vaxtda və mümkün  qədər  az itkilərlə dövləti  çətin və mürəkkəb situasiyadan çıxara bildi. Sonradan iqtisadi uğurların əsası qoyuldu, “Neft müqaviləsi”  imzalandı, güclü Milli Ordumuz yarandı, əhalinin rifahı yüksəldi və s. 
Yəni bütün qazandığımız uğurların, hətta 44 günlük Müharibədə qazandığımız zəfərin, torpaqlarımızın işğaldan azad olunmasının kökündə 1993-cü ildə Heydər Əliyevin  məsuliyyəti öz üzərinə götürməsi dayanır. 
Təsəvvür edin ki, biabırçı  AXC hakimiyyəti  1 ildən artıq  davam etsəydi, Azərbaycan bir dövlət kimi mövcud  ola bilərdimi..? 
Bir sözlə, siyasi liderin işi cəmiyyəti ən təhlükəli siyasi dönəmlərdən sağ-salamat keçirməkdir. 1993-cü ildə Heydər  Əliyev bunu bacardı. Bu gün Azərbaycan xalqı öz Ulu Öndərini sevgi və etiramla yad edir. 
Biz isə öz növbəmizdə Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik. 
Cənab Prezidentimiz İlham Əliyevə, Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya və xalqımıza güc, qüvvət, əminamanlıq, birlik və uğurlar arzulayırıq. 

Habil Vəliyev
Gundelik-Baku.Org