Qidaların çatdırılması zamanı temperatura və vaxta necə nəzarət edilməlidir? - CAVAB

Qidaların çatdırılması zamanı temperatura və vaxta necə nəzarət edilməlidir? - CAVAB
Qida məhsullarının istehlakçılara çatdırılması zamanı temperatur nəzarətdə saxlanılmalıdır. Bunu xarici ölkələrin təcrübəsi də təsdiq edir. Belə ki, məhsulların xarab olmaması və ya keyfiyyətini itirməməsi üçün temperatur rejiminə əməl olunmalıdır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, çatdırılma zamanı tez xarab olan soyuq məhsulların 5°C və ya daha aşağı temperaturda, istehlaka hazır isti yeməklərin isə 60°C və daha yuxarı temperaturda qalması təmin edilməlidir:
"Eyni zamanda, çatdırılma avadanlığı ətraf mühitin temperaturuna nəzarət mexanizmi ilə təmin olunmayıbsa, qida məhsullarını çatdıran şəxslər qida təhlükəsizliyi ilə bağlı bütün problem və təhlükələri nəzərə almalıdırlar.
Həmçinin, qidalar çatdırılma xidməti tərəfindən götürülənədək və çatdırılmadan əvvəl məhsulların hazırlandığı müəssisə tərəfindən müvafiq temperaturda saxlanılmalıdır. Bunun üçün qida istehsalı müəssisələrində temperaturun monitorinqi prosesi həyata keçirilməlidir.
Bundan əlavə, qida məhsullarının çatdırılması zamanı vaxta nəzarət prosesinə də ciddi əməl edilməlidir. Belə ki, tez xarab olan məhsulların müvafiq temperaturda qalmasını təmin etmək üçün daha uzun çatdırılma müddətləri, qida birbaşa istehlakçılara göndərilmədiyi hallarda isə əlavə nəzarət tədbirləri nəzərdən keçirilməlidir".
Qeyd edilib ki, daşınma və çatdırılma xidmətləri tərəfindən sifarişlərin istehlakçılara təhlükəsiz çatdırılmasını təmin etmək üçün qida məhsullarını çatdıran şəxslərə təlimatlar verilməlidir:
"Həmçinin, daşınma və çatdırılma xidmətləri, qidaların istehlakçılara çatdırılmasını həyata keçirən şəxslər və qida müəssisələri emal, daşınma və çatdırılma zamanı xəstəliklərə səbəb ola biləcək orqanizmlərin çoxalmasının qarşısını almaqdan ötrü müvafiq prosedurlar hazırlamaq üçün birgə işləməlidir".
Gundelik-Baku.Org