Gəncədə dönərxanada nöqsanlar aşkarlandı

Gəncədə dönərxanada nöqsanlar aşkarlandı
Gəncədə dönərxanada nöqsanlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospekti və İsrafil Məmmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Tantuni” dönər evində planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Belə ki, dönərin hazırlanmasında istifadə olunan xammalların (ət məhsullarının) üzərində hazırlanma tarixləri və tərkibi barədə məlumatların qeyd olunmadığı, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin təşkil edilmədiyi, çalışan işçilərin gigiyena qaydalarına əməl etmədiyi, xüsusi geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir", - məlumatda qeyd edilib.
Gundelik-Baku.Org