Ceyhun Bayramov Aİ rəsmisi ilə Laçın yolu ətrafındakı vəziyyəti müzakirə EDİB

Ceyhun Bayramov Aİ rəsmisi ilə Laçın yolu ətrafındakı vəziyyəti müzakirə EDİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson arasında görüş olub, Laçın yolu ətrafındakı hazırkı vəziyyət müzakirə edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi və alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri və bu çərçivədə həm İsveçlə, həm də Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə görüş zamanı diqqət yetirilib.
Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.
Görüşdə, həmçinin digər ikitərəfli və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Gundelik-Baku.Org