Azərbaycanın bu regionlarında zəlzələ riski daha yüksəkdir - SİYAHI

Azərbaycanın bu regionlarında zəlzələ riski daha yüksəkdir - SİYAHI
Türkiyənin 10 regionunda 7,4 bal gücündə baş verən zəlzələ bu cür təbii fəlakətlərə hazır olmağın vacibliyini bir daha təsdiqləmiş oldu. 

Zəlzələ riskini nəzərə alaraq, zəlzələ ocaqlarına düşən ərazilərdə tikilən binaların möhkəmliyinə, zəlzələyə davamlılığına xüsusi diqqət ayrılmalıdır. 

Azərbaycan da yüksək zəlzələ riski olan ölkələrdəndir. Ölkə ərazisi 7 ballıq zəlzələ regionu hesab edilir. Bəzi ərazilərdə isə daha yüksək ballı zəlzələ riski var. Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. 

Bakı üçün ən böyük təhlükəni Xəzər dənizindəki zəlzələ ocaqları yaradır. Müasir dövrdə Azərbaycanda ən güclü zəlzələ də məhz Xəzər dənizində baş verib. 2000-ci il noyabrın 25-də baş verən həmin zəlzələ paytaxtda 6,8 bal gücündə hiss edilib. Zəlzələ nəticəsində ciddi dağıntı olmayıb, yalnız 30 nəfər dünyasını dəyişib. 

2000-ci ildəki güclü zəlzələdə dağıntıların çox olmaması o zaman qədər tikilən binaların möhkəm olması ilə izah edilir. 

Ekspert qiymətləndirməsinə görə, tikintidə çatlar çox olduqda, binaların zirzəmilərində, tikilinin konstruksiyasına dəyişiklik edildikdə, zirzəmi və özüllər nəmin və suyun davamlı təsirinə məruz qaldıqda həmin binaların zəlzələlərə davamlılığı azalır, eyni gücə malik olan növbəti zəlzələlərdə bu cür tikililərdə dağıntı daha güclü olur. 
Buna görə də, zəlzələ ocaqlarına düşən ərazilərdə sadəcə yeni tikililərin tələblərə uyğunluğuna diqqət ayrılmamalı, həm də mövcud tikililərin istismar vəziyyətinə də nəzarət olmalıdır. 
Gundelik-Baku.Org