ABŞ-ın sanksiya tətbiq etdiyi polislə bağlı qurumlar susur - "Azadlıq meydanında heykəl qoyulmalıdır"

ABŞ-ın sanksiya tətbiq etdiyi polislə bağlı qurumlar susur - "Azadlıq meydanında heykəl qoyulmalıdır"
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanova 2015 və 2016-cı illərdə insan hüquqlarının kobud şəkildə pozulmasında, yəni məhbuslara işgəncə verilməsində iştirak etdiyinə görə sanksiya tətbiq edib. Bu, Azərbaycan dövlət məmuruna qarşı ilk beynəlxalq sanksiyaların tətbiqi olunması hadisəsidir.
Azərbaycanın aidiyyəti dövlət qurumlarından “Bandotdel” əməkdaşının işgəncə verməkdə ittiham olunaraq sanksiya tətbiq edilməsi məsələsinə münasibət almağa çalışdıq.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında məsələyə heç bir münasibəti olmadığını bildirib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də buna oxşar cavab verib:

“Bu məsələyə hər hansı bir şərh yoxdur. Əlavə məlumat olacağı təqdirdə mətbuata məlumat veriləcək”.
Hadisəni Yeniavaz.com-a şərh edən Milli Məclisin İnsan hüquqları, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov bildirib ki, ayrı-ayrı epizodlar üzrə anlaşılmaz məqamlar olsa belə, bütovlükdə Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət kəsb edir və heç bir halda ABŞ-ın Azərbaycana qarşı bundan sonra onun ayrı-ayrı sahələr, istiqamətlər üzrə sanksiyalar tətbiq edəcəyini düşünmək düzgün olmaz:
“Dünyada sanksiya rejimi çox yayılıb. Müəyyən qeyri-hökumət təşkilatları və s.-nin məlumatları əsasında ABŞ-da ayrı-ayrı şəxslərə məhz insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı müəyyən sanksiyaların tətbiqi və s. kimi hallar o qədər çoxalıb ki, heç onları dünya miqyasında saymaq mümkün deyil. Ona görə mən bu atılan addımın bütövlükdə ABŞ-ın Azərbaycana münasibətinin göstəricisi kimi təqdim edilməsinin əleyhinəyəm. ABŞ-ın siyasətində sanksiyalar və onların tətbiqi çox geniş yayılıb. Bir çox hallarda isə bir mənbədən alınan məlumatlar əsasında onlar həyata keçirilir. Bəzi beynəlxalq QHT-lər var ki, “Freedom House” və bu kimi təşkilatlar, bəzən onların hazırladıqları qərəzli materiallar əsasında da qərarlar qəbul edilir. Gərək ədalət naminə bunu da söyləyəsən. Mən deyərdim, sadəcə olaraq ABŞ sanksiyalar rejimini həyat tərzinə çevirib. Və ondan eninə-uzununa istifadə edir”.

Deputat Azərbaycanın bu sanksiyaya necə cavab verəcəyi ilə bağlı isə bunları deyib:
“Diplomatik kanallar deyilən bir məsələ var. Diplomatik kanallardan istifadə edilərək lazımı informasiyalar çatdırılır. Bizim ABŞ-da səfirliyimiz, konsulluğumuz, diasporumuz var. Və digər dediyim üsullar. Bilin ki, iş gedir. Bizim 30 illik diplomatik münasibətlərimiz var. 30 ildə 1 nəfərə sanksiya tətbiq edilibsə, ABŞ-ın geniş sanksiyalar mexanizminə, maşınına malik olduğu reallığını da nəzərə alsaq, burda elə də bir şey yoxdur. Hesab edirik ki, bu məsələ bu günlərdə xüsusi müzakirə predmeti deyil. Dediyim müxtəlif kanallarla bu istiqamətdə iş gedir və narahatlıq üçün əsas yoxdur”.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, polkovnik Əlimərdanova Azadlıq meydanında heykəl qoyulmalıdır:
“Adamları döyür, vəhşinin biri, işgəncə ustası. Azərbaycan hakimiyyəti Əlimərdanova Azadlıq meydanının düz ortasında bir dənə abidə ucaltmalıdır. Cənab Əlimərdanova Azadlıq meydanında heykəl qoyulmalıdır. Millətin adını uca tutub, bizi məşhurlaşdırıb, dünyaya tanıtdırıb. Bundan sonra da işimizə davam etməliyik. Başqa polkovniklərə də imkan vermək lazımdır ki, ad çıxarsınlar, vətəndaşları döysünlər, işgəncə versinlər və onların da adı düşsün, Azərbaycanın adı dünyada məşhur olsun. Vəssalam. Başqa əlimizdən nə gəlir ki?”

Z.Əlizadə Azərbaycanın bu sanksiyaya cavab vermə variantlarının məhdud olduğunu qeyd edib:
“Məsələn, Milli Məclis Baydenə qadağa qoya bilər ki, Azərbaycana gəlməsin. Bizim deputatların ağlı, fərasəti buna çatar. Başqa bir şey ağlıma gəlmir. Müharibə elan edə bilmərik. Çünki Amerikanı məğlub etsək, o boyda millətlə nə edəcəyik?
Azərbaycan Daxili İşlər Nazirliyinə belə işçilər çox gərəklidir. Azərbaycan hakimiyyətinin indiki siyasəti məhz Əlimərdanovlara rəvac verir, onları qabağa çəkir. Mən əminəm ki, DİN-də nə qədər vicdanlı, təmiz, xalqına sədaqətlə qulluq etmək istəyən insan var. Amma onların rütbəsi maksimum kapitan, mayor ola bilər. Amma Əlimərdanov gəlib polkovnik, şöbə müdiri olub. Birazdan onu, bəlkə, nazir müavini qoydular. Gün gələr, nazir qoyarlar. Azərbaycan hakimiyyətinə məhz belə zabitlər lazımdır. Azərbaycanda indiyə kimi vətəndaşlara işgəncə vermiş bir nəfər zabit belə məhz işgəncə verdiyinə görə cəzalanmayıb. Bu, onu göstərir ki, işgəncə dövlətin vətəndaşlara rəsmi siyasətidir. O, canla-başla rəhbərliyin sərəncamlarını yerinə yetirir”.
Gundelik-Baku.Org