Amerikalı tədqiqatçılar Ağalı kəndində sakinlərin qonağı olublar - YENİLƏNİB

Amerikalı tədqiqatçılar Ağalı kəndində sakinlərin qonağı olublar - YENİLƏNİB
“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudzon İnstitutunun böyük elmi işçisi Maykl Doran Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.
“Report” xəbər verir ki, bu səfərin məqsədi kənddə yaradılan şəraitlə tanış olmaqdır.
Səfər çərçivəsində qonaqlar “Azərpoçt” MMC-nin filiallarında və “ASAN xidmət”də olublar. Şaffer və Doran birinci sinifdə açıq dərsdə iştirak etdikləri Ağalı kənd tam orta məktəbinin fəaliyyəti ilə də maraqlanıblar. Onlar məktəblilərə “Xarıbülbül nağılı” kitabını hədiyyə ediblər.
Onlar həmçinin Ağalı kəndində sakinlərin qonağı olublar, onların gündəlik həyatı ilə tanış olublar.
Görüş zamanı B.Şaffer Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşların doğma evlərinə qayıtmasının vacibliyini bildirib.
“Erməni işğalından azad edilmiş şəhərin necə bərpa olunduğunun şahidi oluruq. Zəngilan strateji əhəmiyyət kəsb edir”, - B.Şaffer vurğulayıb.
O, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Zəngilanın əhəmiyyətinin daha da artacağını və bunun şəhərin inkişaf və ticarət mərkəzinə çevrilməsinə imkan verəcəyini söyləyib.
Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdıqları ilk yaşayış məntəqəsidir.
10:40
Amerikalı tədqiqatçılar Brenda Şaffer və Maykl Doran Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədirlər.
“Report” xəbər verir ki, onlar bu gün Cəbrayıl rayonundakı Xudafərin körpüsünə, həmçinin Zəngilana səfər edəcəklər.
Səfər çərçivəsində Ağalı kənd tam orta məktəbinin ziyarət edilməsi də planlaşdırılır.
Gundelik-Baku.Org