Baş həkim xəstəxananı şəxsi bazarına çevirib KÖŞƏ

Baş həkim xəstəxananı şəxsi bazarına çevirib KÖŞƏ
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında arzuolunmaz hadisələr baş verməkdədir
Səhiyyə sistemində hökm sürən arzuolunmaz vəziyyət təkcə sadə tibb işçilərini deyil, həm də ictimaiyyəti narahat edir. Çünki heç kim xəstələnməkdən sığortalanmayıb. Bu halda müayinə və müalicə üçün hara üz tutsunlar? Xəstəxanalarda həkim çatışmazlığı mövcuddur, poliklinikalarda ixtisaslı həkimlər yoxdur, icbari tibb sığortadan yararlanmaq üçün arayış almaq müşkülə çevrilib. Hər il dövlət büdcəsindən səhiyyəyə 2 milyard manata yaxın pul ayrılır, əlavə olaraq işləyən insanlardan aylıq tibb sığorta haqqı tutulur. Ümumilikdə, hər il 5,5 - 6 milyard manata yaxın səhiyyə maliyyə vəsaiti əldə edir. Qarşılığında texniki avadanlıqlar köhnə, tibbi xidmət keyfiyyətsiz, həkim heyətinin bilik və bacarığı bir o qədər ürəkaçan deyil. Bu, azmış kimi, hər yeni təyin olunan müdir, rəis, baş direktor bir növ qansızlıq edirlər. Gözlərini aylıq 280-300 manata dikən sıravi işçiləri hədəfə alıb onları işdən çıxarırlar. Əksər hallarda səbəbdə göstərilmir, sadəcə - mənim idarəetmə üsulum belədir- deyə təkəbbürlü şəkildə bəyan edirlər. Acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyində olanlar da gözə dəymir. Bu da üçtirəliyin nəticəsidir. Səhiyyə nazirliyi TƏBİB-in kitabını oxumaq istəmir, İcbari Tibbi Sığorta da hər ikisini qəbul etmir, TƏBİB də deyir ki, "burada mənəm, Bağdadda kor xəlifə". Biçarə vətəndaşlarda qalıblar bu üçtirəliyin arasında. Bu barədə növbəti yazılarımda daha geniş yazılar qələmə almağa çalışacağam, indi isə sizlərə kimdən deyim, nədən bəhs edim, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında baş verən rüsvayçılıqlardan.
Hər şeyin günahkarı süpürgəçilər və təmizlik işi aparanlardır
Deməli, yuxarıda qeyd etdiyim məsələlər, hazırda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında baş verməkdədir. Yeni təyin olunan baş həkim Elviz Qasımov katibəsini və köməkçisini dəyişib, ətrafına əl gəzdirdikdən sonra başlayıb süpürgəçiləri, həyətdə bağbanlıq edənləri, avtomabil sürücülərini, mühafizəçiləri, sadə tibb işçilərini təmizləməyə. Deyilənə görə, çox qəzəbli və sərtdir, heç kimə güzəşt etmir. Siyahısında olan işçilərin hamısını işdən çıxarır və ya maaşlarını kəsir. Başqa şöbəyə keçirilənlər, sevindiklərindən nəzir paylayırlar. Yeni Baş həkimin şilləvuranları da var. Əsasən də, təsərrüfat şöbəsinin müdiri Faiq müəllim işçilərin üstünə xoruzlanması, anası yaşında qadınları təhqir etməsi əməlli-başlı kollektivdə ciddi narazılıqlar yaradıb.
Baş həkimin şilləvuranları qan-qan deyirlər
Vəziyyət o həddə çatıb ki, narazı işçilər bir araya gələrək yeni baş həkimdən və əsasən də, Faiq Məmmədovdan yuxarı rəhbərliyə və KİV-lərə şikayətlər ünvanlayıblar. Ancaq inandırıcı deyil ki, TƏBİB-in rəhbərliyi haqqı tapdalanan işçilərin yanında olsun. Çünki TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov haqqında elə şeylər danışıb, elə məsələlərdən yazırlar ki, eşidənlərin və oxuyanların ayağının altından yer qaçır. Bu cür ortada olan faktlara baxmayaq sadə tibb işçiləri ədalət tapmaq ümidi ilə TƏBİB –in rəhbərliyinə müraciət ediblər. Xəstəxananın tibb işçilər iddia edirlər ki, ölkənin heç bir xəstəxanasında bu cür özbaşınalıqlar, baş həkimin tətbiq etdiyi özəl qaydalar yoxdur: "Baş həkim Elviz Qasımov klinkanı şəxsi kafesi kimi idarə edir. Daxili əmrlə yeni qrup yaradıb və həmin qrupun üzvlərinin işləri Baş həkimin qara siyahıya daxil etdiyi şəxsləri işdən çıxarmaqdır".
27 ildir ki, ginekologiya şöbəsində təmizlik işləri aparan Cabbarova Atlas Hidayət qızı da Baş həkimin qara siyahısına düşən işçilərdəndir. Atlas xanım deyir ki, səbəb olmadan Faiq Məmmədov ondan otağı tərk etməsini tələb edib: " Soruşdum ki, niyə otağımı boşaltmalıyam ki? - Sən işdən azadsan- dedi. Xəbəri eşidəndə ürəyim əsdi, şəkərim qalxdı, stoluma oturdum. Axı bir böyük ailəm mənim aylıq maaşımla dolanır. İşdən çıxarılsam mənim və ailəmin yaşayışı çox pis ola bilər. Faiq müəllim bir qədər fikirləşdikdən sonra, -yaxşı səni işdən çıxartmırıq, ancaq başqa şöbəyə keçirəcəyik - dedi. Atlas Cabbarova bildirir ki, uzun illərdir ki, eyni şöbədə çalışdığı üçün kollektivə isinişib, bir ailə olublar: " İndi məni ikinci evimdən didərgin salmaq istəyirlər. Çünki Faiq müəllim özünün yaxın qohumunu mənim yerimə gətirmək istəyir. Baş həkim Elvin Qasımov isə işçiləri dinləmək istəmir".
A. Cabbarova haqlıdır Elviz Qasımov elə bir yüksəklikdə oturub qərarlar verir ki, ona əl uzatmaq, sözünü çatdırmaq mümkün deyil. Lakin el məsəlidir: "Dəvədən böyük fil var". Baş həkim Elviz Qasımov və Faiq adlı şilləvurandan da böyük əllər var. Yəqin həmin böyük əllər tibb işçilərinə qarşı edilən haqsızlıqları durduracaqlar.Hər halda biz də belə ümid edirik. Sia.az
Gundelik-Baku.Org