Soğan niyə ucuzlaşmır?

Soğan niyə ucuzlaşmır?
Məlum olduğu kimi, bu ayın əvvəlindən etibarən, soğan idxalı gömrük rüsumundan azad edilibNazirlər Kabinetinin qərarı ilə baş soğan və şalot soğanı mayın 1-dək “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, qərarın qəbulundan 3 həftədən çox vaxt keçsə də, hələ də sözügedən məhsulun qiymətində azalma müşahidə olunmur. 
Vətəndaşlar kiloqramı 1.20-1.30 AZN-ə satılan soğanın qiymətinin yüksək olmasından şikayətlənirlər. Hətta ehtimal olunur ki, bu, qiymət üçün son hədd deyil, Novruz bayramı ərəfəsində qiymətlərdə artımlar gözlənilir. 
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Firdovsi Fikrətzadə saytımıza bildirdi ki, soğanın qiymət artımı ixracına məhdudiyyət qoyulduğu və idxalın rüsumdan azad olunduğu dövrə qədər baş verib: “Region bazarında, dünyada bununla bağlı bir qıtlıq yaranmışdı. Ölkənin ehtiyatları sürətli şəkildə region ölkələrinə ixrac olunurdu deyə qiymət kəskin artdı. Ona görə də hökumət dərhal ixraca məhdudiyyət, idxalın isə bütün rüsumlardan azad olunması ilə bağlı qərar qəbul etdi. Ondan sonra soğanın bizdə topdan və pərakəndə satış qiymətləri məhz o qərar qəbul olunana qədər hansı səviyyədə idisə, o səviyyədə də qaldı. Orta hesabla soğanın pərakəndə satış qiyməti 1.10 AZN-dir. O cümlədən, supermarketlərdə soğanın kiloqramı 1.30-1.40 manat arası satılır. Topdansatış qiyməti isə 95-98 qəpik civarındadır. Bu məhsul ixrac məhdudiyyəti qoyulana qədər yüksələn səviyyə haradadırsa, o səviyyədə qalıb”. 
F. Fikrətzadənin sözlərinə görə, bundan sonra soğanın qiymətində kəskin artım olmayacaq: “Çünki biz xarici təsirləri nisbətən neytrallaşdıra bildik. Artıq Azərbaycanda yüzlərlə ton soğanın ixrac olunmasına region bazarında tələbat var idi və sahibkarlar da bununla əlaqədar müraciət edirdilər. Lakin ixrac qadağası olduğuna görə bu, həyata keçirilmir”. 
Gundelik-Baku.Org