Bayramqabağı bazarlarda ən çox hansı məhsulların qiyməti artıb?

Bayramqabağı bazarlarda ən çox hansı məhsulların qiyməti artıb?
Yeni ilin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymətlərin də artdığı müşahidə olunur.
İqtisadçı ekspert Rəşad Həsənov “Report”a bildirib ki, bazarlarda daha çox kənd təsərrüfatı, şirniyyat-qənnadı məhsullarının, pirotexniki vasitələr, hədiyyəlik məhsullar və xüsusi ilə yeni illə assosiasiya olunan dekorasiya vasitələrinin qiymətləri artıb.
Ekspert bunun bazarın təbii prinsiplərinə uyğun olaraq baş verdiyini bildirib:
“Mövsümü olaraq, bayram ərəfələrində tələb qısamüddətli dövrdə kəskin şəkildə artır və bunun qarşılığında bazar iştirakçıları təbii olaraq qiymətləri artırmaqla fürsətdən istifadə edərək öz mənfəət normasını yüksəltməyə çalışırlar”.
R.Həsənovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı qiymət manipulyasiyalarına yol verilməməsi üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edir və qanun pozuntuları aşkar edildikdə cərimə tətbiq edir:
“Bu günlərdə Türkiyədə maliyyə naziri birbaşa olaraq pərakəndə ticarət müəssisələri ilə görüşərək onların qiymət artımı ilə bağlı hədələdi desək yerinə düşər. Düşünürəm ki, bu kimi siyasət iqtisadi inkişaf prosesində çox ciddi fəsadlara gətirib çıxara bilər. Hökumətin funksiyası daha çox öz əlində olan imkanlardan, alətlərdən istifadə edərək, bu dövrlərdə təklifin artırılmasını təmin etməkdir. Məsələn, yarmarkalar təşkil edilə bilər, burada icarə haqları alınmadan fermerlərin öz təsərrüfat məhsullarını bazara çıxarması üçün imkanlar yaradıla bilər və ya vergi, gömrük rüsumları alətlərindən istifadə edərək nisbətən daha az təklif edilən məhsullar sahəsində təklifi təşviq etməklə, bazarda bolluq yaratmaqla bu qiymətlərin optimallaşmasına şərait yaradıla bilər. Düşünürəm ki, bazar iqtisadi modelində siyasətlər bu istiqamətdə qurulmalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, hər il Yeni il qabağı tələb artdığından qiymət artımı baş verir:
“Bayramqabağı sahibkarlar tələbin artmasından istifadə edirlər və qiymətləri qəsdən qaldırırlar. Vətəndaşlar satışın avtomatlaşdırıldığı marketlərdə bəzi hallarda aldadılırlar. Məsələn, vətəndaşın almadığı mal çekə yazılır. Yeni il öncəsi ümumilikdə məhsulların qiymətində təxminən 20% artım baş verib”.
E.Hüseynov bayramqabağı daha çox ərzaq məhsullarının qiymətinin artdığını vurğulayıb:
“Daha çox Yeni il süfrəsi üçün tələb olunan məhsulların - düyünün, yağın, balığın, ətin qiymətində artım olur. Sahibkarlar reklamlar vasitəsilə bizi satılan məhsullara cəlb edir, daha sonra vətəndaşların tələbini formalaşdırdıqdan sonra qiymətləri artıraraq bunu fürsətə çevirirlər”.
Qeyd edək ki, Azərbaycanda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
Gundelik-Baku.Org