İranın Azərbaycanla bağlı məkrli siyasətinə ŞOK ZƏRBƏ

İranın Azərbaycanla bağlı məkrli siyasətinə ŞOK ZƏRBƏ
"İranın Ali dini rəhbəri Ayətullah Xameneyinin atdığı son addım sözün əsl mənasında İran inqilabının 43 illik tarixində sensasiya hesab edilə biləcək bir hadisədir. 43 illik mollakratiya dövründə heç kimin ağlına belə gələ bilməzdi ki, İranda qadınlar hicabsız gəzə bilərlər və buna görə cəza almayacaqlar".
Bunu millət vəkili Elman Nəsirov deyib. 
elman.jpeg (108 KB)
Deputat bildirib ki, İranda artıq inanılmaz hadisələr baş verməkdədir:
"Xameneyi 4 yanvar tarixli çıxışında bəyan etdi ki, qadınların hicablı gəzməsi şəriətin əsas əmrlərindən biridir və ona riayət olunmalıdır. Ancaq hansı xanımlar ki, hicab taxmayacaq, bu, heç də onların dinsiz olması anlamına gəlmir, bu, onların inqilabın düşməni olmaları kimi qəbul edilməməlidir. İranda bütün bu inqilabi proseslər gənc bir xanımın guya hicabı düzgün taxmadığına görə öldürülməsindən sonra başlayıb.
İranın ali dini rəhbərinin son qərarı əslində 43 illik İran inqilabının tarixində ən inqilabi addımlardan biridir. Bundan öncə İran hakimiyyəti "əxlaq polisi"ni ləğv etməyə məcbur olmuşdu. Çünki həmin "polis" hicabsız qadının kimliyindən və haradan gəlməsindən asılı olamayaraq, onu küçədə döyür, söyür, təhqir edir, şallaqlayırdı. Bu da İranda insan hüquqlarının bərbad vəziyyətdə olmasının göstəricisidir. Hesab edirəm ki, Xameneyinin bu addımı İran tarixində yeni bir mərhəldir. Bu o deməkdir ki, mollakratiya rejimi geri çəkilib, güzəştə gedib. İnqilabın alovları qarşısında onun geri çəkilməkdən başqa çarəsi yoxdur. Yəqin ki, bu, İranda köklü dəyişikliklərin başlanğıc nöqtəsidir. Hicabsız gəzən qadın daha azad olacaq. O, azad şəkildə öz mövqeyini, fikirlərini bildirəcək. İranda yaşayan soydaşlarımızın çoxsaylı problemləri mövcuddur. Onların dil, təhsil problemi var, onlara qarşı həqarətli davranış var. Onların mədəniyyətinin inkişafının qarşısı alınır. Bütün bu məsələlərin həllində yeni mərhələ başlayır. Şəxsən cənab Prezident İlham Əliyev bu məsələlərə çox böyük diqqət ayırır. Prezident bu məsələləri hətta Səmərqənddə Türk Dövlətləri Təşkilatının 9-cu sammitində qaldırdı. Dövlət başçısı qeyd etdi ki, xarici ölkələrdə olan soydaşlarımızın dilinin (söhbət ilk növbədə İrandan gedirdi), mədəniyyətinin inkişafı, hüquqlarının müdafiə edilməsi, təhlükəsizliklərinin təminatı məsələsi bizim üçün həyati əhəmiyyət daşıyır.
Fikrimcə, son qərar İranda bir çox məhdudiyyətlərdən imtinaya gətirib çıxaracaq və İran cəmiyyətində azadlıq tələbi daha böyük vüsət alacaq. Bu, İranın Azərbaycanda inqilab, ekspansiya siyasətinə də bir zərbə oldu. Çünki İranın mollakratiya rejimi təkcə ölkə daxilində deyil, eyni zamanda çalışırdı ki, İran İslam İnqilabını Azərbaycana da ixrac etsin. Ölkəmizdə də xanımlar hicabda gəzsinlər. Xüsusilə cənub bölgəsində bu təsir daha çox hiss olunurdu. Hətta orta məktəb şagirdlərinin hicab geyinmək ənənəsini süni şəkildə yaymağa çalışırdılar. Çalışırdılar ki, gələcəkdə bu reallıqdan istifadə edib Azərbaycana təsir göstərsinlər, burada İslam İnqilabı həyata keçirsinlər. Bu, İranın Azərbaycandakı həmin siyasətinə bir zərbədir. İran artıq öz tarixinin yeni mərhələsinə daxil olur. Hesab edirəm ki, bu mərhələ nəticə etibarilə çox ciddi, köklü dəyişikliklərə gətirib çıxaracaq".
Gundelik-Baku.Org