Marketdə yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - YENİLƏNİB

Marketdə yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - YENİLƏNİB
Şəmkirdə mağazada baş vermiş mənimsəmə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.
İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
10:36
Şəmkir rayonundakı “Zirvə” marketdə yarım milyon manatdan çox pulun mənimsənilməsinə görə şübhəli bilinən kassir Laura Əliyeva həbs edilib.
Hələ 2021-ci ilin sentyabrından “Qafqazinfo”ya şikayət edib mənimsəmə ilə bağlı hüquq-mühafizə orqanlarına təqdim etdiyi faktların araşdırılmadığını deyən market sahibi Ramin Əliyev bildirib ki, artıq kassir saxlanılıb.
R.Əliyevin sözlərinə görə, audit yoxlaması nəticəsində 539 min 222 manatın mənimsənilməsi faktı ilə bağlı bu ilin aprel ayında cinayət işi başlanılıb: 
“Müraciətimdən sonra baş prokuror Kamran Əliyev məni qəbul etdi. Dekabrın 16-da istintaqın təqdimatı ilə Laura Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi”.
Qeyd edək ki, R.Əliyev daha öncəki müraciətində pulların mənimsənilməsinin qeydə alındığını bildirdiyi videogörüntüləri təqdim edərək işin Baş Prokurorluq tərəfindən nəzarətə götürülməsini xahiş etmişdi. İşlə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tədqiqat apararaq mağazadan 451 000 manat mənimsəmə olmasına dair iki dəfə rəy verib.
Gundelik-Baku.Org