Azərbaycanın bayrağı Qarabağın bütün şəhərlərində dalğalanacaq - RƏY

Azərbaycanın bayrağı Qarabağın bütün şəhərlərində dalğalanacaq - RƏY
Təslim oldular

“Dünyaya göstərdik ki, haqq-ədalət uğrunda mübarizə aparırıq və heç kim bizimlə diktə ilə danışa bilməz"


  Qarabağın erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Müdafiə Nazirliyindən məlumat verilib ki, separatçılar təslim olaraq rəsmi Bakının şərtlərini qəbul etməyə məcbur qalıblar. Müvafiq şərtlərə görə, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Nazirlikdən vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb. Qurumun Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib ki, 7 nəqliyyat, 4 minataan, 1 tank və 2 piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib. Həmçinin qeyd olunub ki, Azərbaycanın texniki vasitələrinin müşayiəti ilə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin könüllü olaraq geri çəkilməsinə şərait yaradılır. Geri çəkilən hərbi birləşmələrə heç bir zərbə endirilməyib. Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, əgər Rusiya sülhməramlıları atəşkəs təklif edibsə, bu, özlüyündə onların Qarabağ ermənilərinin "təhlükəsizliyini" təmin etmək öhdəliyini tam və qeyd-şərtsiz qəbul etdiyini göstərir. Onun sözlərinə görə, sülhməramlılar Qarabağ ermənilərinin öz evlərində, torpaqlarında yaşaması hüquqlarının qorunması üçün tam şərait yaratmalıdırlar: “Ümid edirik ki, belə bir addım atmaqla Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən vəzifələri tam yerinə yetirəcək”.
  Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib ki, yaxın günlərdə Azərbaycanın bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq: “Qarabağ. Hərbi əməliyyatlar dayandırıldı. Erməni hərbi birləşmələri silahlarını təslim edərək Azərbaycan Ordusu və Rusiya sülhməramlılarının yaratdığı humanitar dəhlizlər vasitəsilə Qarabağı tərk edirlər. Erməni birləşmələri yüzlərlə itki verib. Yaxın günlərdə Azərbaycanın bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq. İldırım sürətli lokal antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyev üçün tam uğurla başa çatdı". Rusiyalı politoloq Aleksey Naumov da deyib ki, 20 sentyabr Azərbaycanın layiqli qələbə günüdür: "Bakı əvvəlcə 30 il gözlədi ki, vəziyyət öz xeyrinə həll olunsun - BMT Təhlükəsizlik Şurasının qətnamələri, dövlət başçılarının və beynəlxalq təşkilatların müsbət bəyanatları toplandı. Bunlar faydasız oldu. Sonra 2020-ci ildə 44 gündə vəziyyəti öz xeyrinə çevirdi. Və yenidən üç il gözlədi, dövlət başçılarından ərazi bütövlüyünün tanınması ilə bağlı təminat topladı və Qarabağdakı “seçkiləri” kimin pislədiyinə baxdı. Faydasızdır. İndi bir gündə nəhayət məqsədinə çatdı. Ümumiyyətlə, beynəlxalq hüquq və silahla beynəlxalq hüquqdan daha çox şey əldə etmək olar. Qarabağ məsələsi, yenə deyirəm, bağlandı. Ümid edirəm ki, Ermənistan bu qaçılmazlığı anladı və Qarabağı tərk etmək istəyənləri qəbul etməyə hazırlaşdı - onlar üçün evlər tikdi, reinteqrasiya üçün hazırlaşdı, sosial proqramlar və yardım layihələri hazırladı, qisas planları qurmadı”.
  Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında bildirib ki, 3 ilə yaxındır ki, Azərbaycan dövləti, ölkənin rəhbərliyi Ermənistan silahlı qüvvələrinin, erməni silahlı dəstələrinin Qarabağ iqtisadi rayonundan dərhal çıxarılması tələbini gündəmə gətirir. Deputatın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan cürbəcür bəhanələrlə bu tələbi yerinə yetirmək istəmirdi:

"Halbuki qanunsuz silahlı dəstələrin tərksilah olunması və Qarabağdan çıxarılması məsələsi 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdı. Bəyannamənin 4-cü bəndinə əsasən, erməni silahlıları bölgəni tərk etməliydi. Ancaq bu tələb qulaqardına vurulurdu. Diplomatik səylər, müzakirə yolu ilə prosesin tənzimlənməsi istiqamətində atılan addımlar, Moskva, Soçi, Vaşinqton, Brüssel, Kişineu danışıqları da nəticəsiz qaldı. Bir daha məlum oldu ki, dünyada güc faktoru həlledici amildir. 3 ildə icra edilməyən tələb bir sutka ərzində icra olundu. Bunu da Azərbaycan Ordusu lokal antiterror tədbirləri ilə reallaşdırdı. Qarşı tərəf ağ bayraq qaldırmağa məcbur oldu. Bu da Qarabağdakı ermənilərin xahişi əsasında baş verdi. Tələblərimizin yerinə yetirilməsi şərti ilə ermənilərin müraciətinə müsbət cavab verildi. Azərbaycanın prinsipial mövqeyi odur ki, Ermənistan silahlı qüvvələri ölkəmizi tərk etməli, qanunsuz silahlı dəstələr tərksilah olunmalı və hərbi texnikalar Azərbaycana təhvil verilməlidir. Bir sutka ərzində güc tətbiqi ilə bunları reallaşdıra bildik. Əlbəttə, bu prosesdə Rusiya sülhməramlı qüvvələrinin əlaqələndirmə funksiyası olacaq. Bu, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuzun növbəti tarixi qələbəsidir. Hamımız bayram içərisindəyik. Dünyaya göstərdik ki, haqq-ədalət uğrunda mübarizə aparırıq və heç kim bizimlə diktə ilə danışa bilməz".
Gundelik-Baku.Org