Ordumuzun nəzarətinə keçən Amaras monastırı haqqında İLGİNC FAKTLAR

Ordumuzun nəzarətinə keçən Amaras monastırı haqqında İLGİNC FAKTLAR
Xəbər verdiyimiz kimi, Xocavənddə yerləşən qədim alban Amaras monastırının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi haqda məlumat yayılıb.
Bu barədə erməni siyasətçi Mesrop Arakelyan açıqlama verib.
Bəs alban Amaras monastırı haqda nə bilirik?
Amaras məbədi Azərbaycanda ən qədim alban abidələrindən biri sayılır. Ermənilər son 30 ildə xristian-alban mədəniyyətinin ayrılmaz parçası olan alban-xristian məbədlərini erməniləşdirməyə cəhdlər ediblər və onları “erməni abidəsi” kimi qələmə verməyə çalışıblar. Amma məlum olduğu kimi, bu ərazilərdə ermənilər yaşamayıblar və Amarasın da onlarla bağlılığı yoxdur. Amaras monastırı xristian alban irsinin ən real nümunələrindən biridir, o, “erməni mədəni irsi” deyil.
Xatırladaq ki, Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət olunan ən müqəddəs məbədlərdən biri olub. Monastır həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.
Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş faktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.
Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində, Cütçü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə, IV əsrdə Amarasda ilk xristian məbədi tikilib və burada Qafqaz Albaniyasının birinci katolikosu Qriqoris dəfn edildiyindən ziyarətgaha çevrilib. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə yerləşir. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib.
Amaras monastır kompleksi IX əsrdə tikilib və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilib. Bu kompleks indiki görkəmini XIX əsrdə alıb. Amaras monastırı düzbucaq planlı olub, küncləri dairəvi bürclərlə möhkəmləndirilib. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilib. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılıb.
Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilib. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulub. Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənib.
XIX əsrin II yarısından etibarən Amaras monastırında Şərq ölkələrindən Rusiyaya gedən ticarət karvanları yerləşdirilirdi. Həmin dövrdə monastır geniş torpaq sahələrinə, bağlara, dəyirmanlara və mülklərə sahib idi.
1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsindən sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı erməni qriqoriyan kilsəsinə tabe edilib. Bundan sonra, 1858-ci ildə Şuşa ermənilərinin təşəbbüsü ilə monastırda yenidənqurma və inşaat işləri aparılıb. Bu yenidənqurma-inşaat işləri zamanı abidənin qədim kitabələri məhv edilib. Monastır ərazisindəki stellalardan birinin üzərindəki kitabədən onun 925-ci ilə aid olması müəyyən edilib. 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin şərəfinə Mikel Ter-İsraelyan tərəfindən hazırlanmış məzar daşı yerləşdirilib.
Musavat.com
Gundelik-Baku.Org