“Bu, “Space” rəhbərliyi üzərində ilk qələbəmdir”

“Bu, “Space” rəhbərliyi üzərində ilk qələbəmdir”
“Space” TV-nin işdən çıxarılan aparıcısı Zamirə Dadaşovanın telekanaldan etdiyi şikayət təmin olunub.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə feysbukda bildirib.
Z. Dadaşova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin qərarını paylaşıb.
Qərarda qeyd olunur ki, aparıcının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib. Bununla bağlı “Space” MTRŞ MMC-nin işəgötürəni barəsində 192.6-cı maddəsinə əsasən 29.08.2023-cü il tarixli, MN 0023731 nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda vurğulanıb ki, “Space”in rəhbərliyi aparıcı qarşısında olan öhdəliklərini 30 gün ərzində yerinə yetirməlidir.
Həmçinin qeyd olunub ki, Z. Dadaşovanın qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ var.
Z. Dadaşova qərarı belə şərh edib: “Haqq-ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Allah da gec-tez cavab verir. Bütün hallarda bu həyatda yaxşılığın da, pisliyin də bir cavabı var. Bu, hələ “Space” rəhbərliyinin mənə qarşı etdiyi ədalətsizlikdə ilk qələbəmdir. Davamı olacaq”. 
Xatırladaq ki, bir müddət əvvəl Z. Dadaşova “Space” TV-nin rəhbəri Vado Korovindən şikayətçi olmuşdu. O, telekanalda hökm sürən özbaşınalıqlar haqda feysbuk hesabında yazmışdı.     

Gundelik-Baku.Org