“Qərb liderləri Prezident Əliyevlə şəkil çəkdirmək üçün...”- macar nazir nəyə işarə etdi?

“Qərb liderləri Prezident Əliyevlə şəkil çəkdirmək üçün...”- macar nazir nəyə işarə etdi?

Peter Siyartonun “2010-cu ildə Azərbaycanla əlaqələrə görə necə tənqidlərlə üzləşirdik” fikri həmin illərdə Azərbaycana qərəzli münasibətin olduğunun bəyanıdır

“Bu gün Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya tələsirlər”. “Trend” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto özünün Facebook sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair yazarkən bildirib. “2010-cu ildə Azərbaycanla necə əlaqələr qurmağa başladığımız yadımdadır. Biz o zaman necə tənqidlərlə üzləşməli olduq. Bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”, - o yazıb.
Onun sözlərinə görə, 2010-cu ildən Azərbaycan və Macarıstan dost münasibətlərini saxlayır.
“Baxmayaraq ki, Azərbaycandan Macarıstana təbii qaz axını bu il başlayıb, bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə iqtisadi fəaliyyətdən asılı deyil”, - paylaşımda deyilir.
Yada salaq ki, bu ilin yanvarında Macarıstanın baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda maraqlı açıqlama vermişdi. “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə  Orban vurğulayıb.
Macarıstan nazirinin “2010-cu ildə Azərbaycanla əlaqələrə görə necə tənqidlərlə üzləşməli olduq” deməklə həmin illərdə Azərbaycana həm də qərəzli münasibətin olduğunun bəyanıdır. “Bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar” bəyanatı isə Azərbaycana dəyişən münasibətin göstəricisdir.
Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin yazısı maraqlı olmaqla yanaşı, reallıqları ifadə edən yazıdır: “Bu çox ciddi, obyektiv və ədalətli etirafdır. Həqiqətən də vaxtilə Azərbaycanla soyuq münasibətlərdə olan, ölkəmizə qarşı müxtəlif təzyiq üsullarına əl atan bir çox Qərb dövlətləri və onların liderləri indi Prezident İlham Əliyevə çox böyük etimad göstərirlər. Azərbaycan dövlətinin başçısı ilə görüşmək, onun əlini sıxmaq, onunla şəkil çəkdirmək pristij məsələsinə çevrilib. Bu təsadüfi deyil. Cənab İlham Əliyev çıxışlarının birində demişdi ki, Azərbaycan dünya xəritəsində o qədər də böyük dövlət deyil, lakin sözünün mənası və çəkisi böyükdür. Prezident İlham Əliyev çox təvazökar insandır və sözünün çəkisi olan liderdir. Bu məqam da ona dünya liderlərinin xüsusi hörmətini qazandırıb. Azərbaycan Prezidenti İlham Əliyev o qədər böyük olmayan dövlətin dünya səviyyəli lideridir. Bu gün dünyada güclü lider "defisiti" yaşanır, bu gün ABŞ-a Ruzvelt, Fransaya Şarl de Qoll, Britaniyaya Çörçil rəhbərlik eləmir. Ona görə də dünyanın çox güclü siyasi liderlərə ehtiyacı var və bu reallıq fonunda bugünkü dünyamızda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Ərdoğan kimi qətiyyətli liderlərə rəğbət daha da artır. Onların birgə səyləri təkcə öz ölkələrində deyil, regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına çox böyük töhfələr verir. Hər iki dövlət beynəlxalq aləmdə nüfuzunun güclənməsi və söz sahibinə çevrilməsi üçün əllərindən gələni edib və buna da nail olublar. Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında dünyada çox böyük hörmət və etimada malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu dünyada artdıqca Azərbaycan dövlətinin mövqeləri daha da möhkəmlənir. Azərbaycan Prezidenti üçün dövlətinin müstəqilliyi və onun milli maraqlarının müdafiəsi prioritet təşkil edir. Bu məqsədlə də o, müstəqil siyasət həyata keçirir. Müstəqil siyasət yürütməsi, milli maraqlardan bir addım da olsun geri çəkilməməsi cənab İlham Əliyevin nüfuzunu artırıb, ona olan hörməti artırıb". 

Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd etdi ki, Şuşada, Bakıda keçirilən tədbirlərdə, görüşlərdə dünyanın bir çox siyasətçilərinin, ictimai-siyasi xadimlərinin Azərbaycan Prezidenti İlham Əliyevə necə yüksək münasibət bəslədiklərini müşahidə eləmişik. Azərbaycan Prezidenti dünyada böyük nüfuza sahib siyasi lider, mahir diplomat, qalib Ali Baş Komandan kimi qəbul edilir: “Cənab İlham Əliyevin sadəliyi, səmimiliyi, sözünün üstündə dayanan lider olması, qətiyyətli olması da ona olan hörməti daha da artırıb. Azərbaycan Prezidenti İlham Əliyevdə olan bu və digər yüksək keyfiyyətlər heç də hər siyasətçiyə qismət olmur. Azərbaycan dövlətinin bu mənada da bəxti gətirib ki, İlham Əliyev kimi siyasətçi onun lideridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol da Prezidentin nüfuzunu artıran amillərdəndir. Prezidentimizə dünya dövlətlərinin başçılarının yüksək münasibəti təbii ki, Azərbaycan dövlətinin və xalqının üstünlüyüdür, milli maraqlarımızın təmin olunmasında çox böyük avantajdır”. 
Gundelik-Baku.Org