Azərbaycan İran məhsullarından imtina edir?- “Uduşumuz olacaq”

Azərbaycan İran məhsullarından imtina edir?- “Uduşumuz olacaq”
“Əsasən, İrandan Azərbaycana kənd təsərrüfatı məhsulları - kartof, soğan idxal olunur. Ondan sonra bəzi məişət əşyaları da İrandan idxal edilir. O cümlədən biz Naxçıvana quru yolu ilə getmək üçün İrandan istifadə edirik. Yəni əsas iqtisadi göstərici heç idxal deyil. Çünki Azərbaycan İrandan idxal edilən məhsullardan imtina edə və onu başqa məhsullarla əvəzləyə bilər”. 
Bu sözləri açıqlamasında iqtisadi ekspert Akif Nəsirli deyib.
İqtisadçı-analitik İrandan Azərbaycana idxal olunan məhsullar barəsində, habelə həmin məhsullardan imtinailə bağlı çağırışların iqtisadi baxımdan mənfi və müsbət amillərindən söz açıb.
Mütəxəssisə görə, bizim İrandan əsas asılılığımız Naxçıvanla quru əlaqəsinin olmasıdır:
“Bundan başqa, İrandan o qədər ciddi bir asılılığımız yoxdur. Çünki İrandan idxal edilən məişət əşyaları və sənaye məhsulları dünyanın digər ölkələrindən Azərbaycana idxal edilən məhsullardan daha aşağı keyfiyyətə malikdir. Ola bilsin ki, biz İran bazarından imtina edib digər bazarları əldə edənə qədər həmin o məhsullarla bağlı müəyyən bahalaşmanı müşahidə edə bilərik. Lakin bu bazarlar tapılandan sonra qiymətlər sabitləşər və Azərbaycan bazarı daha keyfiyyətli məhsullarla təmin edilə bilər. Yaxud bunun bir hissəsi yerli istehsal hesabına formalaşdırıla bilər”.
A.Nəsirlinin fikrincə, burada bizim itirəcəyimiz heç nə yoxdur:
“Hazırda quru sərhədlərimiz də bağlı olduğuna görə, əsasən də cənub zonasında yaşayan vətəndaşlarımızdan gedib İranda bazarlıq edən  yoxdur.Əvvəllər cənub zonasında yaşayan əhali İranla ticarət edirdi, hətta elə ailələr var idi ki, həftədə 1 dəfə gedib İrandan ucuz ərzaq alıb gətirirdi və xərclərinə müəyyən dərəcədə qənaət edirdi. Amma artıq pandemiya dönəmindən bəri bu da yoxdur”.
Müsahibimizin qənaətinə görə, bu gün iqtisadi baxımdan Naxçıvanla quru əlaqəsini çıxmaq şərtiylə digər vasitələrlə İrandan gələn məhsulları daxili bazarda kompensasiya etmək mümkündür:
“Hətta o kompensasiyalar bəzən uduşlara da gətirib çıxara bilər, çünki İranın keyfiyyətsiz məhsullarındansa, digər ölkələrdən keyfiyyətli məhsul idxal ediləcək və yerli məhsullar on əvəz edəcək”.
Gundelik-Baku.Org