DAŞKƏSƏNDƏ RƏZALƏT

DAŞKƏSƏNDƏ RƏZALƏT
9 oktyabrın 2022-ci il tarixdə “Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilatın sədri, hazırda həbsə olan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq gedən Ramil Şükürovun mətbuat katibi Mingəçevir şəhər sakini Zakir Süleymanovun öyrətməsi və təşkilatçılığı ilə şəhid anası Şıxıyeva Sevda İsrafil qızı yaxın qohumları ilə birgə Daşkəsən rayon Dəstəfur kəndinin sabiq icra nümayəndəsi Cəfərova Lalə Rafail qızının Dəstəfur kəndində yerləşən fərdi yaşayış evinə dəmir linglərlə açıq-aşkar basqın etmiş, evdəki bütün əmlakları dağıdaraq talamış, bir hissəsini çölə töküb yandırmış, evin dam örtüyünü, qapı-pəncərələrini sındırmış, istinad divarlarına ziyan vurmuşlar. Belə ki, 8 oktyabr 2022-ci il tarixdə Zakir Süleymanov Daşkəsən rayonu Dəstəfur kəndində Sevda Şıxıyevanın yaşadığı evdə olmuş, onu təlimatlandırmış və hadisədən bir gün qabaq kəndi tərk edərək Mingəçevir şəhərinə getmişdir.
Habelə 29 sentyabr 2022-ci il tarixdə Şəhid Orxan Şıxıyevin Daşkəsən Şəhidlər Xiyabanında keçirilən ümumrayon doğum günü mərasimindən sonra Zakir Süleymanov Dəstəfur kəndində əlavə yığıncaq təşkil edərək şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzunu təhqir edən qərəzli və əsassız çıxış etməsini həyata keçirmiş və 4 oktyabr 2022-ci il tarixdə həmin video materialı özünün Youtube kanalında və müxtəlif sosial şəbəkələrdə “Daşkəsənin icra başçısını hələ belə biabır edən olmamışdı” başlığı altında ictimailəşdirmişdir.
Zakir Süleymanov heç bir müharibə iştirakçısı və hərbi xidmətdə olmadığı halda, hərbi forma geyərək özünü ictimaiyyətə qazi kimi təqdim edir və rayonun şəhid analarından Daşkəsən Rayon İcra Hakimiyyətinə və dövlətə qarşı açıq-aşkar sui-istifadə eləyir, xaricdəki radikal blogerlərin tapşırıqlarını yerinə yetirir. Onun vaxtilə bəzi mətbu orqanlarda  yaydığı şəhid anaları və qazilərlə bağlı özünün uydurmaları olan çoxsaylı video-süjetlər bunu təsdiq eləyir.
Hal-hazırda da Zakir Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən “Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilatın sədri Ramil Şükürov və həmin Birliyin digər üzvlərinin Daşkəsəndəki qanunazidd əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində Sevda Şıxıyevanı 5 min manat pul verən şəxs kimi qələmə verərək məsuliyyətdən yayınır. Belə ki, 16 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutmuş bu məsələlərlə bağlı məhkəmə prosesi mətbuata işıqlandırılmışdır. Məlum olur ki, “Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilatın üzvü, fırıldaqçı və dələduz Zakir Süleymanovla yaxın münasibətdə və işbirliyində olan Koroğlu İbrahimov tərəfindən şəhid anası Sevda Şıxıyevaya qarşı 5 min manat dələduzluq edilmişdir. Qanunsuz Birliyin həbsdə olan üzvü Koroğlu İbrahimov məhkəmədə bildirmişdir ki, Sevda Şıxıyevadan pul Zakir Süleymanovun vasitəsilə Daşkəsəndə şər-böhtan ataraq pozucu işlər görmək üçün alınmışdır.
9 oktyabr 2022-ci il tarixdə Sevda Şıxıyeva tərəfindən Lalə Cəfərovanın Dəstəfur kəndində yerləşən evinin talan edilərək dağıdılması hadisəsinin iştirakçıları qrup şəklində saxlanaraq  Daşkəsən Rayon Polis Şöbəsinə gətirilmiş, təhqiqat araşdırma işləri başlanmışdır, məsələyə baxılaraq hüquqi qiymət veriləcəkdir. 
 
Daşkəsən Rayon İcra Hakimiyyətinin
İnformasiya təminatı və təhlili sektoru





Gundelik-Baku.Org