Xalq artisti Mənsum İbrahimovla görüş keçiriləcək

Xalq artisti Mənsum İbrahimovla görüş keçiriləcək
Yanvarın 23-də “Qonağımız var” layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində Xalq artisti Mənsum İbrahimovla görüş təşkil olunacaq.

Görüşdə Xalq artisti muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışacaq, ona ünvanlanacaq sualları cavablandıracaq.

Tədbirə giriş sərbəstdir.

Qeyd edə ki, Mənsum İbrahimovun özünəməxsus ifa tərzi var. Dinləyici üzünü görmədən də səsindən, avazından onu tanıyır. Çünki artıq muğam onun taleyidir, dünyaya baxışıdır. Müğənninin "Rast"ına, "Şur"una, "Qarabağ şikəstəsi"nə dönə-dönə qulaq asmaqdan doymuruq. Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də opera teatrının solistidir. O, təkcə Məcnunu yox, "Aşıq Qərib"də Qəribi və "Gəlin qayası"nda Camalı da yüksək səviyyədə oynayır. Mənsum İbrahimovun səsi çoxdan ölkəmizin sərhədlərini aşmışdır. O, xarici ölkələrdə muğam, xalq və bəstəkar mahnıları ilə yanaşı, "Leyli və Məcnun" operasının da təbliğində, sevilməsində böyük xidmətlər göstərmişdir. O, bu gün həm də sayılıb-seçilən pedaqoqlardan biridir, istedadlı tələbələri var.

Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2005-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.
Gundelik-Baku.Org