Satınalma güzəştinin tətbiqi qaydası müəyyənləşib

Satınalma güzəştinin tətbiqi qaydası müəyyənləşib
“Satınalma güzəştinin tətbiqi Qaydası” təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, satınalma komissiyası təklifləri qiymətləndirərkən, yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən və formal tələblərə uyğun təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) üzrə təklif olunan qiymətlərə 20 faizə qədər həcmdə güzəştli düzəliş tətbiq edir. Yerli malların, işlərin və xidmətlərin xeyrinə tətbiq olunan güzəştli düzəlişin faizi həcmində məbləğ müqayisə məqsədilə həmin güzəştli düzəlişin tətbiq edildiyi malın, işin və xidmətin məbləğindən çıxılır.
Malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən malın istehsalçısı olan təchizatçıya münasibətdə ona təqdim edilən malın mənşəyi barədə rəy və Xidmət tərəfindən verilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında, malın istehsalçısı olmayan təchizatçıya münasibətdə isə ona təqdim edilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında müəyyən edilir.
Malın mənşəyi barədə rəy və ya malın mənşə ölkəsini təsdiq edən sertifikat təqdim edilmiş mallara satınalan təşkilat tərəfindən 20 faiz güzəştli düzəliş tətbiq edilir. Malın mənşəyi barədə rəyin alınması üçün istehsalçı olan təchizatçılar tərəfindən Mərkəzə ərizə ilə müraciət edilir. Ərizənin qeydə alındığı tarixdən etibarən 5 (beş) iş günü müddətində bu Qaydada qeyd edilən sənədlərin, istehsalçının məlumatlarının və istehsal obyektinə baxışın nəticələrinin nəzərə alınması ilə aparılan ekspertizanın nəticələrinə əsasən Mərkəz tərəfindən malın mənşəyi barədə rəy təqdim edilir.
Təklif edilən malın istehsalında istifadə olunan yerli xammal-materialların, həmçinin yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq olduqda mal yerli hesab edilir.
Qayda ilə Xidmətin yerli mənşəli olmasının müəyyən edilməsi və güzəştli düzəlişin tətbiqi proseduru müəyyənləşir. Təklif edilən xidmətin icrasında istifadə olunacaq yerli malın
və Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulan əməkhaqqı fondunun ümumi həcmi 50 faizdən artıq olduqda xidmət yerli hesab edilir və 20 faiz güzəştli düzəliş tətbiq edilir. Nəzərdə tutulmuş prosedurlar nəticəsində işlərin icrası zamanı istifadə edilməsi nəzərdə tutulan yerli mənşəli hesab edilən mal və xidmətin ümumi satınalma müqaviləsindəki payının müəyyən edilməsi üçün təqdim edilmiş hesabat-kalkulyasiya sənədi (güzəştli düzəlişin hesablanmasını və tətbiqini göstərən sənəd) əsasında aşağıdakı faizlərdə güzəştli düzəliş tətbiq edilir:

Sıra
№-si
Yerli malların və xidmətlərin həcmiTətbiq olunan satınalma
güzəştinin həcmi
1.30%-dən 40%-ə qədər5%
2.40%-dən 50%-ə qədər8%
3.50%-dən 60%-ə qədər11%
4.60%-dən 70%-ə qədər14%
5.70%-dən 80%-ə qədər17%
6.80%-dən 100%-ə qədər20%
Satınalma komissiyası təklifləri qiymətləndirərkən və müqayisə edərkən mallara münasibətdə xidmətlərə və işlərə münasibətdə nəzərdə tutulan sənədlərə və “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq baxır, imtina üçün əsaslar olmadıqda güzəştli düzəlişi tətbiq edir və bu barədə yekun protokolda qeydlər aparır. Təchizatçı, o cümlədən malın mənşəyi barədə rəy təqdim etmiş təchizatçı bağlanılmış müqavilə üzrə güzəştli düzəlişin tətbiq edildiyi hər bir malı mənşə ölkəsini təsdiq edən sertifikatın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti ilə birlikdə satınalan təşkilata təqdim etməlidir.
Təchizatçı bağlanılmış müqavilə üzrə güzəştli düzəlişin tətbiq edildiyi hər bir işçiyə münasibətdə bu Qaydada nəzərdə tutulan arayışda qeyd edilən məbləğin ödənilməsi barədə həmin işçinin bank hesabına köçürülməni təsdiq edən bank tərəfindən verilmiş çıxarışı satınalan təşkilata təqdim etməlidir. Təchizatçı tərəfindən bu Qaydada nəzərdə tutulan malın mənşə ölkəsini təsdiq edən sertifikatın və işçinin bank hesabına köçürülməni təsdiq edən bank tərəfindən verilmiş çıxarışın təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və icra təminatının geri qaytarılmaması ilə nəticələnir.
Gundelik-Baku.Org