Prezident seçkilərində polisin xidməti fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə başlanılıb

Prezident seçkilərində polisin xidməti fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə başlanılıb
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədi ilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional seminar-müşavirələrə başlayıb. Prezident seçkilərində polisin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Prezident seçkilərinin hazırlanıb keçirilməsi proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.
İlk seminar-müşavirə 2024-cü il yanvarın 9-da Bakıda keçirilir. Maarifləndirmə tədbirləri növbəti mərhələdə yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yanvarın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək.
Xatırladaq ki, qarşıdan gələn seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.
Gundelik-Baku.Org