18 şəhid əmanətinin tələbə adı qeyd edildi - Video

18 şəhid əmanətinin tələbə adı qeyd edildi - Video
Təhsil mövsümü şəhid ailələri üçün də şad xəbərlərlə başladı. 18 şəhid əmanəti tələbə adını qazandı.
Axar.az xəbər verir ki, şəhid əmanətlərinin bütün əlamətdar günlərində yanlarında olan “Fire Land group” “Balıqçı” restoranı ilə bərabər tələbə adını qazanmış şəhid əmanətlərini bir araya topladı, onların şərəfinə ziyafət təşkil olundu.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin rəhbəri Akif Maarifli, xalq artisti Əlixan Səmədov, gənc müğənnilər Gülzar Fərəcova, Nihad Orucov, Murad Azərlinin qonaq olduğu tədbir tanınmış aparıcı Kamilə Babayeva tərəfindən idarə edildi.
Qeyd edək ki, tələbə adını qazananlar arasında yeniyetmə şəhid övladları ilə yanaşı 3 şəhid xanımı da var idi. Onlar “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin kordinatorları olan, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş Şəhid Orucov Nailin xanımı - Ağamalıyeva Nigar, Bakı Biznes və Kooperasiya kollecinə qəbul olunmuş şəhid Əzizov Elçinin xanımı - Əzizova Sevda, Ukrayna universitetinə qəbul olunmuş Şəhid Musayev Sədinin xanımı - Musayeva Gülşaddır.
Tələbə adını qazanmış 18 şəhid əmanətinə hədiyyə olaraq “Baku city residence”in rəhbəri Ramil Məhərrəmov tərəfindən 18 ədəd planşet təqdim edildi. Həmçinin tələbə xanımlara güllər hədiyyə edildi.
AYB-nin üzvü, “Fire Land group”un rəhbəri olan Cəlal Qurbanov günün önəmi ilə bağlı bu fikirləri söylədi:
“Baxmayaraq ki, şəhidlərimiz onlardan çox uzaq bir dünyadadırlar, şəhid əmanətləri atalarına, həyat yoldaşlarına verdiyi sözləri yerinə yetirmək, onların ruhlarını şad etmək üçün əllərindən gələni edirlər, şəhidlərimizin yüksək məqamına layiq davranış və həyat yolunda addımlayırlar. Onlar təklik hiss etməsinlər deyə , biz şəhid əmanətləri ilə bütün uğurları, eləcə də enişli-çıxışlı məqamları bir yerdə keçmək istəyirik. Bizim aramızda yaranan doğmalıq əbədidir. Hələ şəhid övladları yeni həyata qədəm qoyacaq, ailə quracaq, valideyn olacaqlar. Əminəm ki, buraya yığışan hər kəs önəmli günlərin hamısında iştirak edəcək.”
Gundelik-Baku.Org