Taksilərlə bağlı nə baş verir? – Oktyabrdan bahalaşma və cərimələr...

Taksilərlə bağlı nə baş verir? – Oktyabrdan bahalaşma və cərimələr...
Oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər qüvvəyə minəcək.
İndidən isə sosial şəbəkələrdə taksi qıtlığının anonsu verilir. Bildirilir ki, yeni qanunvericiliyin tələblərinə uyğun olmayan, rüsum ödəməyən, taksometr quraşdırmayan taksilər proqramdan ayrılacaq və beləliklə, həm taksi qıtlığı yaranacaq, həm də bəzi şəxslər işsiz qalacaq. Digər tərəfdən, oktyabrdan taksi xidmətlərinin qiymətlərinin qalxacağı ilə də bağlı narahatlıqlar var.
Bu ilin iyulunda "Dövlət rüsumu haqqında" və "Avtomobil nəqliyyat haqqında" qanunlara dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min manat rüsum ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda təxminən 40 min taksi var və bunun 28 mini Bakının payına düşür. Onların da 90 faizi onlayn platformalar üzərindən fəaliyyət göstərir.
Adının çəkilməsini istəməyən taksi sürücülərindən biri AzadlıqRadiosuna bildirib ki, avtomobil sürücüyə məxsusdursa, həm taksometri, həm də taxoqrafı onların özləri quraşdırmalıdır: "Bu avadanlıq isə bahadır. Bilmirəm necə olacaq? Sürücülərin və sərnişinlərin yaxşılığını istəyirlərsə, şirkətlərin sürücülərdən aldığı faizləri azaltsınlar. Şirkət bizdən 20 faiz alır. Ermənistanda eyni şirkət sürücülərdən 6, Gürcüstanda 7 faiz alır".
Sürücülərin belə təkliflərinə və ümumilikdə məsələyə, hələlik, bu sahədə fəaliyyət göstərən şirkətlərdən münasibət almaq mümkün olmayıb. Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Turan-a deyilib ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasına hədəflənib.
İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna bildirib ki, indiki şərtlər daxilində birdən-birə sərt qaydalarının tətbiqi imkanları məhduddur: "Kütləvi şəkildə Azərbaycanda insanlara taksi xidmətlərini təklif ediblər və buna ciddi nəzarəti təmin edən hər hansı mexanizm yoxdur. Bu da qeyri-qanuni münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Yəni, hansısa idarəedici qurum bundan bir alət kimi istifadə edərək qeyri-qanuni sövdələşmələrə yol aça bilər. Belə olan halda, gözlənilən müsbət nəticədən daha çox mənfi fəsadlar ortaya çıxa bilər".
Ekspertin fikrincə, bu məsələlərdə qızıl ortanın tapılmasına ehtiyac var: "Mümkündür ki, birdəfəlik ödənişlərin hissəli şəkildə həyata keçirilməsi yanaşması ortaya qoyulsun".
Qiymət məsələsinə gəlincə, iqtisadçının sözlərinə görə, dəyişikliklər maya dəyərinə ciddi təsir etməyəcək: "İndiki şəraitdə qiyməti müəyyənləşdirən çoxlu amillər var. Qiymətlərin artmasının ilk simptomları görünür. Amma bunlar qısamüddətli təsirlərdir. Qoyulan minimum limitlər isə bazara müdaxilədir".
Gundelik-Baku.Org