“Sahil - S İnşaat” MTK sakinlərinin bəxti gətirmir ki gətirmir... - İNDİ DƏ...

“Sahil - S İnşaat” MTK sakinlərinin bəxti gətirmir ki gətirmir... - İNDİ DƏ...
Ölkədə bəzi odioz məmurlar var ki, şəhid ailəsi, yaxud qazi problemi üçün onun qəbuluna gedəndə şərəfsiz şəkildə “Mənim üçün döyüşməmisən ki...” deyərək qapısından qovur.
Bu təhqiramiz münasibətin nəticəsi olaraq özünü yandıran qazilər var, intihara əl atanlar olub. Amma bu aşağılayıcı tonda danışanlar arasında təkcə qazilərə deyil, sadə vətəndaşlara da adekvat münasibət göstərən məmurlar var.
Misal üçün “Azərişıq” ASC-nin Suraxanı rayon idarəsinin rəisi “Sahil - S İnşaat” MTK sakinlərini nəinki zülmətə qərq edib, hətta özünəvurğun şəkildə bildirir ki, belə də olmalıdır.
Bu günlərdə bina sakinlərindən biri, jurnalist Azər Talıbov işıq idarəsinə müraciət edərək binada tikinti işlərinin elektrik enerjisinin kəsilməsi səbəbindən yarımçıq dayandığını bildirib.
Jurnalist qeyd edib ki, şirkətin fırıldağa yol vermiş sahibləri həbs olunub və hazırda sakinlər öz vəsaiti hesabına inşaat işlərini yekunlaşdırıb köçməyə hazırlaşırlar. Lakin Suraxanı rayon idarəsinin rəisi vətəndaşları yurd-yuvasına köçməkdən məhrum edib, işığı kəsib, tikintinin getməsinə imkan vermir.
Bunun adı vətəndaşa pislik etməkdir, dövlətlə insanları üz-üzə qoymaqdır. Amma görün idarə rəisi bina sakini A.Talıbovla dialoqunda nələr deyib...

- Bu bizim, dövlətin günahı deyil, vətəndaşlar aldanmazdılar.

- Bəs dövlət niyə həmin dələduzların özbaşınalığa yol verməsinə şərait yaradıb?

- Aldanmazdılar.

- Almaniyada, Fransada hansısa tikinti şirkəti vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə sata bilər?

- Yox

- Çünki orada sistem işləyir, qanunlar işləkdir.

Bax, bu cavabdan sonra Suraxanı işıq idarəsinin rəisi susmağa üstünlük verib və heç bir arqument gətirə bilməyib. Ancaq məsələ onunla dialoq aparmaq deyil, idarə rəisinin borcudur ki, vətəndaşlara yardım etsin, əsassız yerə işığı kəsməsin, insanlar tikintini başa vurub mənzillərinə köçsünlər və heç bir sakin də elektrik enerjisindən istifadəyə görə ödəməli olduğu borcu verməkdən yayınmır.
O halda nə üçün “Azərişıq” ASC-nin Suraxanı rayon idarəsinin rəisi vətəndaşları dövlətə, hakimiyyətə qarşı qaldırır? Sadəcə, işıq idarəsinin rəisi elə danışır ki, MTN-nin odioz quldur generalı Akif Çovdarov danışır. “Əhməd haradadır” filmində deyildiyi kimi, “kolxozçuya bax, deputat kimi danışır”. Halbuki idarə rəisi normal qaydada vətəndaşların problemini qaydaya qoya, onları razı sala bilərdi. Axı işıq vətəndaşa pulsuz verilmir? Yaxud idarə rəisi öz cibindən ödəniş etmir?!
//anaxeber.info//

Gundelik-Baku.Org