Bu texnologiya dünyada geosiyasi tarazlığı yenidən qura bilər - Video

Bu texnologiya dünyada geosiyasi tarazlığı yenidən qura bilər - Video
Aparılan araşdırmalara görə, yaxın gələcəkdə biz yerin nüvəsindən yayılan enerjidən istifadə edə bilərik. “Yaşıl enerji” deyəndə ağlımıza adətən günəş və ya külək enerjisi gəlir. Çünki bu enerji növləri təbii və daim mövcud olan ehtiyatlardır. Haqqında danışacağımız enerji mənbəyi də təbii enerji növünə və “tükənməyən” resurslara daxil edilir. Ancaq bu enerji növü yerin üstündə deyil, yerin altında, hətta dərinliklərindədir.
"Newatlas" xəbər verir ki, son hesablamalara görə, yerin nüvəsindəki istiliyin 7000 dərəcəyə qədər çata biləcəyi aşkar edilib. Beləliklə, üzərində gəzdiyimiz yer kürəsinin altında ayın radiusunun 70%-ni təşkil edən dəmir kürə var və bu kürə Günəşin səthindən daha istidir. Halbuki, indiyə qədər elmə məlum olan bilgiyə görə, yerin nüvəsindəki istiliyin 5500°C olduğu bilinirdi.
Massaçusets Texnologiya İnstitutunda (MIT) füzyon tədqiqatları üzrə mühəndis Paul Uoskovun fikrincə, yer səthinin altında o qədər çox istilik var ki, onun yalnız mində birini istifadə etsək, o, bütün dünyanın 20 milyon ildən çox enerji ehtiyacını təmin edə bilər.
1970-ci ildə Sovet İttifaqı Norveç sərhədinə yaxın Kola yarımadasında yer qabığını mantiyaya qədər deşməyi hədəfləyən bir çuxur qazmağa başladı. İşə başlandıqdan 19 il sonra, yəni 1989-cu ildə quyunun şaquli dərinliyi 12289 m-ə çatmışdı. Daha sonra bu layihəyə qoyulan xərcin əldə edəcəkləri qazancdan qat-qat çox olduğu ortaya çıxdığı üçün layihə dayandırıldı və quyunun ağzı bağlandı. Aşağıdakı şəkildə Kola quyusunun bağlanmış halı göstərilmişdir.

Yerin dərinliklərinə çuxur açmaq üçün tədqiqatçılar müxtəlif üsulları sınayırlar. Amerikada Silikon Vadisində yeni qurulan startapda “Swifty” adlı robot hazırlayıb. Bu robot yer üzündəki ən sərt qayaları belə toxunmadan və yeni kəşf edilmiş şüalar vasitəsi “əridir”. Qeyd edək ki, hələ eksperimental mərhələdə olan bu layihənin böyük ixtiralara və yeniliklərə yol açacağı gözlənilir.
Bu texnologiyanı təqdim edən şirkət xüsusilə ultra dərin geotermal quyular üzərində çalışır. Əslində burada “ultra dərin” deyəndə, indiyə qədər insanların enə bilmədiyi qədər dərinlikdən söhbət gedir. Sözü gedən texnologiya vasitəsilə alimlər yerin 20 km dərinliyə enməyi planlaşdırırlar. Yuxarıda qeyd edilən Kola çuxuruna qazmaq üçün 19 il vaxt sərf edilmişdi. Bu yeni texnologiya vasitəsilə tədqiqatçılar 20 km-lik çuxuru sadəcə 100 günlük vaxt ərzində açmağı hədəfləyirlər. Bu hədəfə çatmaq mümkün olarsa, həmin dərinlikdəki temperaturu 500 °C-ə bərabər olan geotermal enerjidən kütləvi şəkildə istifadə etmək mümkün hala gələcək.

Təəssüf ki, hazırda dünyada meydana gələn müharibələrin ən böyük səbəbi enerji qaynaqlarıdır. Dünyanın istənilən yerindən geotermal enerjiyə çatmaq mümkün olarsa, geosiyasi tarazlıqlar yenidən qurula bilər. Belə bir texnologiyanın varlığı və mümkünlüyü bizə eyni zamanda müharibəsiz və daha dinc bir dünyanın mümkünlüyündən də xəbər verir.
Qeyd edək ki, məşhur video bloger Barış Özcan da yutub paylaşımlarından birini bu mövzuya həsr edib.

Gundelik-Baku.Org