“Qəbələ”nin braziliyalı legioneri: “Millimizin dünya çempionu olacağına inanıram”

“Qəbələ”nin braziliyalı legioneri: “Millimizin dünya çempionu olacağına inanıram”
“Heyətdə kifayət qədər ulduz futbolçu var. İnanıram ki, komandamız dünya çempionu ola bilər”.
Bunu “Report”a açıqlamasında “Qəbələ”nin braziliyalı futbolçusu Ramon Maçado ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
31 yaşlı hücumçu bildirib ki, mundialda “sambaçı”lar üçün ən böyük təhlükə Argentina yığmasıdır:
“Bu komanda ilə qarşılaşsaq, bizə problem yaşada bilər”.
Maçadonun sözlərinə görə, uşaqlıqda Braziliya millisində oynamağı arzulasa da, peşəkar futbolçu olduqdan sonra əsl reallığı dərk edib:
“Gördüm ki, hər şey elə də asan deyil. Braziliyada gerçəkliklər fərqlidir. Yığmada oynamaq praktiki olaraq mümkün deyil. Hazırda 31 yaşım var. Heç bir şansım yoxdur. Çünki yığmada rəqabət çox yüksəkdir”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla birlikdə G qrupunda mübarizə aparacaq.
Gundelik-Baku.Org