"Bağçada uşaqların əlində gördüyüm tüfəngi götürdüm" - Qanunsuz silah daşıyan şəxs

"Bağçada uşaqların əlində gördüyüm tüfəngi götürdüm" - Qanunsuz silah daşıyan şəxs
Qanunsuz silah daşımada təqsirləndirilən şəxsə hökm oxunub.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılan İqbal Hüseynov odlu silahı  Bakı şəhərində yerləşən bağçaların birinin həyətindən götürdüyünü bildirib:
"Mən Qazax şəhərində yaşayıram. Tutulmazdan bir gün əvvəl şəxsi işlərimlə əlaqədar olaraq Bakı şəhərinə getmişdim. Memar Əcəmi metrosunun yanında uşaq bağçasının həyətində uşaqların əlində lüləsi kəsilmiş tüfəngi gördüm. Məndə maraq yarandı və həmin tüfəngi bağçanın həyətindən götürdüm. Tüfəngi patronları ilə birlikdə mənə məxsus olan "Hyundai Elantra" markalı avtomobilin arxa hissəsinə qoydum. Əməlimdən peşmanam".
İ. Hüseynov yaşadığı Qazax şəhərinə qayıtdığı zaman orada polis əməkdaşları tərəfindən saxlanılıb. Onun avtomobilində gizlətdiyi tüfəng və patronları aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. 
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Hüseynov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Gundelik-Baku.Org