Oğlu evlənmədiyi üçün arvadını döydü

Oğlu evlənmədiyi üçün arvadını döydü
Ağdaşda 50 yaşlı kişi oğlu evlənmədiyi üçün arvadını döyüb.
“Kriminalqafqaz”ın məlumatına görə, rayon sakini Fərid Cəfərov (şərti) oğlu Azadın son zamanlar kiminləsə telefonda çox danışmasını görüb. Buna görə narahat olaraq arvadına oğlunun kiminlə danışmasını öyrənməyi tapşırıb. Həyat yoldaşı Firuzə Fərəcova (şərti) Azadın bir nəfər qadına qoşulduğunu, qadının da ailəli olduğunu deyib. Bunu eşidən F.Cəfərov arvadına “mənim bir oğlum var, o da başımı yerə vurmaq istəyir bu hərəkətlə?” deyə qışqırıb. Bundan sonra arvadı da ona yüksək səslə cavab verib. 
Araşdırma zamanı məlum olub ki, Fərid və arvadı arasında əvvəllər də narazılıqlar olurmuş. Sonuncu mübahisədə o ərinə Azadın 30 yaşına çatdığını, evləndirmək lazım olduğunu deyib. Bunun üçün evi təmir etmək lazım olduğunu bildirib. Əri isə əsəbi halda “mənə bu barədə heç nə demə” söyləyib. O isə “nə qədər ki, Azad evlənmir, gedib başqa-başqa qadınlara qoşulacaq, münasibət quracaq, onu vaxtında evləndirmək lazımdır” deyə cavab verib. Gərgin söhbət nəticəsində 50 yaşlı kişi arvadını döyərək xəsarətlər yetirib.
Daha sonra qadın polisə şikayət edib və F.Cəfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb. Lakin həyat yoldaşı məhkəmədə ərini bağışladığını bildirib. Tərəflərin barışdığını nəzərə alan məhkəmə F.Cəfərova islah işləri seçməklə yüngül cəza verib.
Gundelik-Baku.Org