Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər

Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bu barədə konqresmen Adam Şiff bildirib.
Onun sözlərinə görə, bunun üçün yetərincə əsaslar mövcuddur.
“Keçmiş prokuror kimi bu məsələyə nəzər saldıqda düşünürəm ki, prezidenti ittiham etmək üçün kifayət qədər dəlil var. Zənnimcə, sübutlar olduqca aydındır”, - deyə o qeyd edib.
Şiff deyib ki, keçmiş ABŞ lideri qanun pozuntusuna yol verib. Belə ki, o, rəqibi Co Baydenin qələbəsinin konqresdə təsdiqlənməsinə mane olmağa cəhd edib, həmçinin rəsmilərdən onun lehinə verilən, lakin mövcud olmayan səslərin tapılmasını tələb edib.
Şiff həmçinin vurğulayıb ki, siyasətçi etirazçıları Kapitoliyə istiqamətləndirib. Konqresdə Kapitoliyə hücumu araşdıran xüsusi komitədə yer alan Şiff bunun cinayət olduğu qənaətindədir.
“Əgər bu cinayət sayılmırsa, deməli, heç bir şey cinayət deyil”, - deyə o bildirib.
Xatırladaq ki, Kapitoli binasına hücum 2021-ci il yanvarın 6-da Donald Trampın tərəfdarlarının mitinqi zamanı baş verib. Tərəfdarlar demokrat Co Baydenin dövlət başçısı seçildiyi noyabr səsverməsinin nəticələrini tanımaqdan imtina ediblər.
Etirazlar polislə genişmiqyaslı toqquşmalara səbəb olub. Beş nəfər həyatını itirib, onlarla insan saxlanılıb.
Mənbə: CNN
Gundelik-Baku.Org