Lukaşenko və İohannis İlham Əliyevə məktub göndərdi - YENİLƏNİB

Lukaşenko və İohannis İlham Əliyevə məktub göndərdi - YENİLƏNİB
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Milli bayram – Müstəqillik Günü münasibətilə Sizi və bütün azərbaycanlıları Belarus xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Siz bu bayramı dahi və müdrik siyasətçi, müasir Azərbaycanın banisi və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin geniş qeyd edildiyi bir vaxtda qarşılayırsınız.
Ölkənizin dinamik inkişaf edən iqtisadiyyatı, regionda açar rolu, beynəlxalq aləmdə artan nüfuzu Sizin atanızın əsasını qoyduğu və tərəfinizdən uğurla davam etdirilən, güclü, suveren dövlətin qurulmasına yönəlmiş yaradıcı kursun düzgünlüyünün danılmaz sübutudur.
Qəti əminəm ki, Minsk və Bakının qarşılıqlı maraqlara və ənənəvi etibarlı dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənərək yeni forma və istiqamətlər üzrə zənginləşəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
*** 15:25
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Məktubda deyilir:
"Cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd olunması mənə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi, rifah və əmin-amanlıq arzularımı çatdırmaq imkanı verir.
Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və Zati-alinizlə ətraflı müzakirələrə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Əminəm ki, biz həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və nəqliyyat kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcəyik.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcəkdir.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edəsiniz".
Gundelik-Baku.Org