Berdıməhəmmədov Ərdoğanın namizədliyini irəli sürdü

Berdıməhəmmədov Ərdoğanın namizədliyini irəli sürdü
Türkmənistan Xalq Şurasının sədri, ölkənin keçmiş prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.
“RIA Novosti” xəbər verir ki, Türkmənistanın sabiq rəhbəri bu təşəbbüslə Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən fövqəladə sammitində çıxış edib.
Görüş zamanı Berdıməhəmmədov dünya səviyyəsində görkəmli şəxsiyyət və siyasətçi olan Ərdoğanla 22 ildir yaxından tanış olduğunu qeyd edib.
Onun fikrincə, Türkiyə Prezidenti təkcə öz xalqının deyil, bütün müsəlman xalqlarının əmin-amanlığını təmin etmək üçün böyük işlər görür.
Türkmənistanın keçmiş prezidenti bildirib: “Buna əsasən, Türkiyə Respublikası Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir və biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, həmin beynəlxalq mükafata layiq liderdir”.
Xatırladaq ki, bundan əvvəl Türkiyə və Macarıstan nümayəndələri də Ərdoğanın Nobel mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarı olublar.
Gundelik-Baku.Org