Fransada pensiya yaşını 64-ə qaldırırlar: İnsanlar küçələrə axışırlar

Fransada pensiya yaşını 64-ə qaldırırlar: İnsanlar küçələrə axışırlar
Fransada pensiya yaşının artırılması əleyhinə ictimai nəqliyyat, təhsil və enerji kimi bir çox sektorun nümayəndələri tətilə çıxaraq nümayişlər keçirirlər. Fransa həmkarlar ittifaqları son 12 ildə ilk dəfə olaraq yekdilliklə tətil günü elan ediblər. 
Bir çox sektor işçisi hökumətin pensiya islahatına qarşı tətil etmək qərarına gəlib, 221 yerdə nümayişlər gözlənilir.
Paytaxt Parisdə nümayişçilər Respublika meydanına toplaşırlar. Paytaxt metrolarından biri tamamilə bağlanıb.
Nümayişlər və tətillər çərçivəsində 10 min polis və jandarm qüvvəsi paytaxta yerləşdirilib.
İbtidai sinif müəllimlərinin 70 faizinin tətildə iştirak edəcəyi gözlənilir. Bir çox məktəblərin gün ərzində tamamilə bağlanacağı gözlənildiyi üçün valideynlər uşaqlarına baxmalı olacaqlar.
Ölkə daxilində 50-80 mini paytaxtda olmaqla 550-750 min arasında insanın küçələrə çıxacağı proqnozlaşdırılır. 
Pensiya islahatlarına qarşı tətilin əsas gündəm olduğu ölkədə Prezident Emmanuel Makron 11 nazirlə İspaniyada olacaq.
Gün ərzində bütün ölkə üzrə ictimai nəqliyyatda ciddi fasilələr gözlənilir.
İctimai radio stansiyaları “Franceinfo” və “France Inter” xəbər yeniləmələri əvəzinə efirləri musiqi ilə doldurublar, “France 2” telekanalı isə təkrar yayımları göstərib.
Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmunu açıqlanandan sonra həmkarlar ittifaqları pensiya islahatına qarşı tətillər və etiraz aksiyaları elan ediblər.
Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağı və 2030-cu ildə 64-ə çatdırılacağını qeyd edilib.
Mənbə: AFP
Gundelik-Baku.Org