Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq

Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq
Dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası və iddiaçılara dair tələblər müəyyənləşir.
Bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra hər il üzrə bu qanunda nəzərdə tutulan məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi birdən çox dövlət tərəfdaşının səlahiyyətinə aid olduğu hallarda, səlahiyyətli orqan dövlət tərəfdaşını müəyyən edir və ya dövlət-özəl tərəfdaşlığı layihəsinin onlar tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edilir:
- layihənin əhəmiyyəti;
- layihənin maliyyə-iqtisadi səmərəliliyi;
- layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin tərəflər arasında bölgüsü.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir. Bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:
- dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun yararlılıq müddəti;
- özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.
Dövlət-özəl tərəfdaşlığı layihələri qanuna uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər. Səlahiyyətli orqan siyahı səlahiyyətli orqanın rəsmi internet səhifəsində məlumat bazasında yerləşdirildikdən və ya mediada dərc edildikdən sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq səlahiyyətli orqana bildirmək hüququna malikdirlər. Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə, dövlət-özəl tərəfdaşlığı layihəsini müsabiqəyə hazırlayır.
Layihə I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Gundelik-Baku.Org