İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı görkəmli şəxsiyyət və türk dünyasının fəxri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı.
Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
***
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!
Sizi və rəhbərlik etdiyiniz respublikanın bütün sakinlərini əlamətdar yubiley – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Heydər Əlirza oğlu dövlətə xidmət etdiyi uzun illər ərzində özünü səmimi vətənpərvər və uzaqgörən siyasi xadim, xalqının rifahı naminə yorulmadan çalışan məsul və həssas rəhbər kimi göstərib. Həmçinin qeyd etmək sevindiricidir ki, ölkə onun rəhbərliyi ilə sosial və iqtisadi sahələrdə böyük dəyişikliklərə nail olmaqla yanaşı, həm də özünəməxsus xüsusiyyətlərini, ənənəvi mənəvi-əxlaqi dəyərlərə sadiqliyini qoruyub saxlaya bildi.
Sizin atanızın Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının dirçəlməsinə, dinlərarası dialoqun inkişafına, millətlərarası sülhün və vətəndaş barışığının yaradılmasına verdiyi böyük şəxsi töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, bütün Azərbaycan xalqına isə firavanlıq və sülh arzulayıram".
***
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
"Zati-aliləri!
İcazə verin, Azərbaycanın möhtərəm Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.
Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz Ümummilli Liderinin xatirəsini ehtiramla yad edir.
Bu xoş fürsətdən istifadə edib, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaqdır. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik.
Bu əlamətdar yubiley münasibətilə mən Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımı bildirir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı və səmimi salamlarımı çatdırıram".
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Əziz qardaşım!
Sizi və qardaş Azərbaycan xalqını mühüm tarixi hadisə - ölkənizin Ümummilli Lideri, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir.
Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.
Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.
Hörmətli İlham Heydər oğlu!
Biz Zati-alinizi - möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.
Xüsusilə və böyük məmnunluqla qeyd etmək istərdim ki, son zamanlar aramızda yaranan və möhkəm etimad ruhunda qurulmuş dialoqlarımız, cari ilin mart ayında Bakıda apardığımız açıq və səmərəli danışıqlarımız ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.
Bununla yanaşı, yaxın gələcəkdə baş tutacaq ali səviyyədə səfərimiz zamanı əldə ediləcək mühüm razılaşmalar, əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş dəqiq layihələr və əməli proqramlar şübhəsiz ki, hərtərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaqdır.
Atanız Heydər Əliyevin nurlu xatirəsinin qəlblərimizi işıqlandırdığı bu günlərdə Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".
Gundelik-Baku.Org