Universitet, məktəblərdə “tıxacla” yaranan davamiyyət problemi - AÇIQLAMA

Universitet, məktəblərdə “tıxacla” yaranan davamiyyət problemi - AÇIQLAMA
Son zamanlar Bakıda tıxaclar daha da artıb. Hər gün paytaxt sakinləri bəzən saatlarla tıxacda qalırlar. Hazırda tıxac məsələsi əsas problemlərdən birinə çevrilib. Təbii ki, bu tədris prossesinə də təsir edir. Şagird və tələbələr məktəbə, universitetə gecikir və nəticədə davamiyyət - qayıb limiti ilə bağlı problem yaşanır.
Mövcud olan bu problemi aradan qaldırmaq üçün hansı həll yolları ola bilər?
Məsələ ilə bağlı Trend-in sualını cavablayan Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, tıxac problemi bütün böyük şəhərlərdə olduğu kimi Bakı şəhərində də spesifikdir.
“Əlbəttə ki, bu təhsilalanlar üçün əlavə problemlər yaradır. Bakıda ümumiyyətlə ictimai nəqliyyatların hərəkətində ciddi problemlər var. Xüsusilə metrostansiyalarda hansı ki, tələbələr daha çox istifadə edir. Böyük şəhərlərdə alternativ nəqliyyatlar var. Lakin Bakıda bunlar yoxdur. Bütövlükdə bu ciddi tıxaclara və təhsilalanların dərsə gecikməsinə və davamiyyətlə bağlı problem yaşamasına səbəb olur. Müxtəlif ölkələrin təcrübəsinə nəzər salsaq görürük ki, universitetlər ümumiyyətlə daha çox kiçik şəhərlərdə salınır. Hazırki dövrdə bunu çıxış yolu kmi götürsək, bizim üçün problemlər yaradar. Çünki kiçik şəhərlərdə universitetləri yerləşdirmək, kampüslər tikmək böyük vəsait hesabına başa gəlir. Amma düşünürəm ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma prsosesi başlayıb. Həmin şəhərlərdə bir neçə universitet tikmək olar. Bunlar zamanla tənzimlənən məsələlərdir.
Dərs ili başlayandan tıxaclar özünü qabaq göstərir. Məktəb avtobusları bu məsələdə kömək göstərə bilər. Bununla bağlı Elm və Təhsil nazirliyi müzakirələr təşkil edərək aidiyyatı qurumlarla bu istiqamətdə danışıqlar keçirdi. Lakin həmin prosess pandemiya başladığı üçün yarımçıq qaldı. Məktəb avtobusları olsa bu tıxac problemini xeyli yüngülləşdirə bilər. Azərbaycanda yalnız özəl təhsil müəssislərinin avtobusları var. Onlar həm təhlükəsizlik baxımından, həm də şagirdləri zamanında dərsə çatdırılması baxımından əlverişlidir. Lakin dövlət məktəbinlərində bu təcrübə yoxdur. Bu layihə tətbiq olunsa, xeyli faydalı olacağını düşünürəm”, – deyə İ. Orucov bildirib.
Təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlamasında bildirib ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur.
“Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.
Danılmazdır ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər.
Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur.
Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti , İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həmdə Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi.
Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir.
Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var.Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər.
Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik.
Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir
Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məkətəbi şəhər ətrafına köçürülüb.
Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması təəccüblü deyil. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də məktəblərə şagirdləri avtobuslar gətirib aparır. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir”, – deyə ekspert bildirib.
Gundelik-Baku.Org