İran əzələ nümayiş etdirir, Azərbaycana “xox” gəlir - AÇIQLAMA

İran əzələ nümayiş etdirir, Azərbaycana “xox” gəlir - AÇIQLAMA
“İran-Azərbaycan münasibətlərindəki gərginlik artan xəttlə davam edir”.
Bunu millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu münasibət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. “Cəmiyyət üzvləri də haqlı olaraq İran-Azərbaycan münasibətlərinin belə davam etməsindən olmasından narahatdır” deyən deputat qeyd edib ki, buna görə bütün məsuliyyət İranın üzərinə düşür.
E.Nəsirov bildirib ki, İran tərəfi bir yandan Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, qoşun bölmələrini sərhədboyu toplayır, rəsmi dövlət xadimləri gecə-gündüz Azərbaycana qarşı hədyan söyləyirlər, iftira, böhtan atırlar, televiziya proqramlarında anti-Azərbaycan bəyanatları pik həddə çatıb, digər yandan da İran Azərbaycanın hava məkanını pozur:
“Bütün bunlar İslam dövlətinin müsəlman ölkəsinə qarşı qəbuledilməz davranışlarıdır. Təbii sual yaranır ki, İran müsəlman dövləti ola-ola, niyə müsəlman bacı-qardaşlarının yanında deyil, işğalçı Ermənistanın yanındadır? İndi onun üstündə baş sındırırlar ki, doğrudanmı iki ölkə arasında müharibə baş verə bilər?!”
Deputat hesab edir ki, İran əzələ nümayiş etdirir, Azərbaycana “xox” gəlir, guya bizi qorxutmaq istəyir:
“Xüsusilə, Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktının izlərinin İrana gedib çıxması ilə bağlı çox ciddi şübhələr var. Bütün bu reallıqlar fonunda İran papağını qarşısına qoyub düşünmək, Azərbaycanla münasibətləri bərpa etmək əvəzinə, gərginləşdirmək xəttini seçib. İranın müharibəyə başlamaq imkanı məhduddur”.
Müsahibimiz vurğulayıb ki, İran Azərbaycanın hansı müttəfiqlərə, dostlara malik olduğunun fərqində olmalıdır:
“Onlar bilir ki, Azərbaycanın 15 iyun 2021-ci il tarixli “Şuşa” Bəyannaməsi var. Bu Bəyannaməyə Azərbaycan və Türkiyə Prezidentləri imza atıb və biz hərbi müttəfiqik. Yəni İranın Azərbaycana qarşı hərbi müdaxiləsi İran-Türkiyə müharibəsini də labüd edir. Türkiyə isə NATO ölkəsidir. Bir NATO ölkəsinin müharibədə iştirakı, digər üzv dövlətlərin də cəlb olunması deməkdir. Çünki NATO Nizamnaməsinin 5-ci bəndi buna imkan verir. yəni faktiki olaraq, İranın Azərbaycana qarşı hərbi müdaxiləsi dünya müharibəsinə səbəb ola bilər. Buna əlavə, İranın daxilində 35-40 milyon azərbaycanlı yaşayır. Məgər Tehran bilmirmi ki, müharibə olarsa, həmin 40 milyon azərbaycanlı hansı cəbhədə dayana bilər? Ona görə də İran bir ağlını başına yığıb bir nəticə çıxarmalıdır. Çünki İranın son davranışları odla oynamaq kimi bir şeydir”.
Gundelik-Baku.Org