Elman Nəsirov: “Avropa Parlamentində “əl əli yuyar, əl də üzü” prinsipi işləyir”

Elman Nəsirov: “Avropa Parlamentində “əl əli yuyar, əl də üzü” prinsipi işləyir”
“Avropa Parlamenti mart ayının 15-də Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair çox qərəzli, yalan, iftira və çirkabla dolu bir qətnamə qəbul edib. Avropa Parlamenti Azərbaycana qarşı o qədər belə qərəzli ittihamlarla dolu qətnamə qəbul edib ki, artıq onun statistikasını aparmaq da çətindir”. 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, Avropa Parlamentinin Azərbaycana qarşı mövqedə Ermənistan Parlamenti ilə sanki yarış apardığını diqqətə çatdırıb: 
“Budəfəki qətnamənin mətni ilə tanış olduqdan sonra bunu bir daha görmək mümkün olur. Hətta bu “yarışda” Avropa Parlamenti Ermənistan Parlamentini üstələməyə başlayıb. Çünki onların Azərbaycana münasibəti Ermənistan Parlamentinin ölkəmizə münasibətindən daha aqressivdir. Bəlkə də adlarını dəyişmək fikrinə düşüblər. Bəlkə Avropa Parlamenti – Ermənistan Parlamenti kimi bir koalisiya sənədi imzalamaq istəyirlər. İttihamlara fikir verin. Guya Azərbaycan Ermənistan ərazilərini “işğal edib”. 30 ildir Ermənistan torpaqlarımızı işğal altında saxlayırdı. 
Bəs onda niyə səsləri çıxmırdı? Azərbaycan Ermənistanın hansı sərhədlərini keçib? Azərbaycanla Ermənistan arasında sərhədmi var? Biz sərhədlərin delimitasiyası və demorkasiyasını da elə buna görə istəyirik. Həmçinin, qətnamədə Azərbaycanın Laçın-Xankəndi yolunu blokadaya aldığı və oradakı ermənilərin blokada vəziyyətində qaldığı iddia olunub. Amma belə bir blokada yoxdur.
Bu da növbəti yalan və böhtandır. Oradan hər gün humanitar yüklər keçir. Sadəcə silah-sursatın keçirilməsinin qarşısı alınır. Amma məlum olur ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə yenə də Ermənistandan Xankəndi istiqamətinə silah-sursat daşınır. Üstəlik, buna görə 5 mart insidentini də törətdilər. Amma bir kəlmə belə bu barədə fikir söyləmirlər. Sadəcə olmayan blokadadan danışırlar”. 
Deputat azərbaycanlı ekofəalların etirazının artıq 100 günə yaxınlaşmaq üzrə olduğunu da xatırladıb: 
“Avropa Parlamenti nə üçün bu etiraza səbəb olan amillərdən və motivlərdən danışmır? Niyə bu etiraz dalğasının yaranmasına gətirib çıxaran səbəblərə toxunulmur? Yenə də “ölmüş” ATƏT-in Minsk qrupunu dirçəltmək meyilləri özünü göstərir. Amma ATƏT-in Minsk qrupu artıq yoxdur. Onu “dəfn edən” də elə ABŞ, Avopa və Rusiya olub. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda bunu ediblər. Hətta yenə status məsələsini də gündəmə gətirməyə çalışırlar. Görünür, Avropa Parlamentinin üzvləri üçün korrupsiyaya bulanmış şəxsi maraqları Avropa İttifaqının qlobal maraqlarını üstələməyə başlayıb. 
Yəqin ki, orada “əl əli yuyar, əl də üzü” prinsipi işləyir. Ermənistanın “konyak diplomatiyası”nın yenidən öz effektini verməyə başladığı gösünür. Avropa Parlamentinin üzvləri unudurlar ki, bu gün Azərbaycan Avropa üçün yeganə alternativ enerji mənbəyidir. Avropa Komissiyası Parlamentinin sədri xanım Ursula von der Leyen Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Amma parlamentin üzvləri Avropanın budağında oturub onu kəsməklə məşğuldurlar. Yəni onların bu davranışı və Azərbaycana qarşı qərəzli mövqeyi Avropa İttifaqının regional maraqlarını kölgə altını qoyur. Avropa Parlamentinin bu davranışı isə haqlı olaraq Azərbaycan ictimaiyyətinin çox böyük narazılığına səbəb olur”. 
Elman Nəsirov hesab edir ki, Avropa Komissiyası bu məsələlərə müdaxilə etməlidir: 
“Avropa Parlamentinin üzvlərinə başa salınmalıdır ki, Avropa İttifaqlarının qlobal maraqlarına kölgə salmaq siyasətinə son qoyulmalıdır. Bu məntiqlə də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də Avropa Parlamentinin bu qətnaməsi ilə bağlı etiraz Bəyanatını yaydı. Avropa Parlamentinin anti-Azərbaycan mövqeyində qəbul etdiyi qərəzli qətnaməni şiddətli şəkildə qınadı və öz etirazını bildirdi”. 
Gundelik-Baku.Org