Barələrində cinayət işləri açılan mühacirlər Almaniyadan Azərbaycana ekstradisiya edilə bilərmi? – Elman Nəsirovdan AÇIQLAMA

Barələrində cinayət işləri açılan mühacirlər Almaniyadan Azərbaycana ekstradisiya edilə bilərmi? – Elman Nəsirovdan AÇIQLAMA
“Artıq sosial şəbəkələrdə, müxalif siyasi dairələrdə belə fikirlər səslənir ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri və bu səfər çərçivəsində apardığı yüksək səviyyəli təmaslar, fikir mübadiləsi həm də Avropada yaşayan cinayət yolunu tutmuş azərbaycanlı mühacirlərin ölkəmizə ekstradisiyası ilə nəticələnə bilər. Bu haqda heç bir məlumatım yoxdur. Mən də sosial şəbəkələrdən oxumuşam. Bir şeyi bilirəm ki, istənilən halda cinayətkar cəzasını tapmalıdır. Ayrı-ayrı ölkələrdə məskunlaşıb, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına çalışmaq, dövlət çevrilişi etmək, terrorçuluğa çağırış, insanların şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuza xələl  gətirmək – hamısı Cinayət Məcəlləsinin müvafiq bəndləri üzrə təqsirkar bilinmək üçün əsaslar yaradır, hüquqi müstəvidə qiymətləndirmə aparılmasını tələb edir. Almaniya demokratik dövlətdir. Azərbaycan da demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu baxımdan cinayət faktı varsa, cəzalandırılmalıdır. Bu sahədə Azərbaycan Almaniya arasında müvafiq hüquqi müstəvidə addımların atılması cinayətkarlığa qarşı mübarizə prosesində əməkdaşlığın bir forması ola bilər. Bundan hər iki tərəf udmuş olar. Cinayətkar cəzasız qalanda çox təhlükəli olur. Ümumiyyətlə, bu məsələnin müzakirə olunub-olunmadığını bilmirəm. Amma dəyişməz prinsip budur – istənilən ölkədə cinayət törətmiş şəxs cəzasız qalanda çox təhlükəli qüvvəyə çevrilir, cinayət varsa, cəzası da olmalıdır”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat Prezident İlham Əliyevin Almaniya səfərinin Azərbaycan və Almaniya arasında əməkdaşlığın inkişafına verəcəyi töhvələrdən də danışıb: “Cənab Prezident İlham Əliyevin Almaniyaya iki günlük işgüzar səfəri, şübhəsiz ki, iki dövlət arasında münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar pəncərəsi açmış oldu. Nəzərə alsaq ki, Almaniya Avropa İttifaqının iqtisadi baxımdan lokomotiv dövlətidir. Ümum Daxili Məhsulu, təxminən, 4 trilyon avroya gəlib çatan Almaniya ilə regionun lider dövləti olan və beynəlxalq sülhə, təhlükəsizliyə, əməkdaşlığa geniş töhvələr verən Azərbaycan arasında əməkdaşlığın inkişafı hər iki tərəfin strateji maraqlarına cavab verir. Almaniya ilə münasibətlərə təkcə ikitərəfli formatda deyil, həm də çoxtərəfli formatda, yəni Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində də qiymət verməliyik. Cənab Prezidentin bu səfəri, xüsusilə iş adamları ilə keçirdiyi görüş çərçivəsində məlum oldu ki, Avropa iş adamlarının Azərbaycana marağı böyükdür. Onlar ölkənin birinci şəxsinin dilindən Azərbaycanın iqtisadi potensialı, imkanları haqqında dəqiq məlumat əldə etmiş oldular. Gördülər ki, Azərbaycan təkcə nefti və qazı ilə deyil, eyni zamanda bərpa olunan enerji potensialı baxımından da cəlbəedici ölkədir. “Yaşıl enerji” potensialı Azərbaycanın kifayət qədər böyük göstəriciləri ilə xarakterizə olunur. Cənab Prezident də qeyd etdi ki, biz artıq son bir il ərzində 25 qiqavatlıq yaşıl enerji ixracı ilə bağlı müqavilələr imzalamışıq. Azərbaycanın bütövlükdə, təxminən, 200 qiqavata yaxın yaşıl enerji potensialı var və bu potensialdan istifadə etməkdə maraqlıdır. Avropa ölkələri də həmçinin. Cənab Prezident xüsusi qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana 10-dan artıq Avropa dövləti müraciət edib ki, onlara qaz təchizatı artırılsın. Ya da Azərbaycan onların qaz təminatı məsələsini öz üzərinə götürsün. Eyni zamanda Azərbaycanın nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə də əməkdaşlıq üçün geniş imkan və potensialının olduğu, bu məsələlərdə də maraqların tam üst-üstə düşdüyü ortaya çıxdı. Cənab Preizdentin Almaniya Prezidenti, həm də kansleri ilə görüşləri ikitərəfli siyasi dialoqun daha da gücləndirilməsi mənafeyinə xidmət göstərir. Hər iki dövlət başçısının mətbuat üçün keçirdikləri brifinqdə məlum oldu ki, bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsinə olduqca maraqlıdır”.
Gundelik-Baku.Org