Gender bərabərliyi - Azərbaycan niyə bir pillə geriləyib -Açıqlama

Gender bərabərliyi - Azərbaycan niyə bir pillə geriləyib -Açıqlama
Dünya İqtisadi Forumunun 2022-ci il açıqladığı gender reytinqində Azərbaycanda 146 ölkə sırasında bir pillə geriləyərək 101-ci yerdə qərarlaşıb. Bu reytinq 4 parametr üzrə - iqtisadi inkişaf və imkanlar, təhsil səviyyəsi, sağlamlıq və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla hesabalanıb.


Milli Məclisin təhlükəsizlik komitəsinin sədr müavini Hikmət Babaoğlu deyir ki, Azərbaycanda istənilən sahədə gender bərabərliyinin bərabərləşməsinə rast gəlmək olar.

"Təhlükəsizlik baxımından Azərbaycan dünyanın öndə gedən ölkələrindən biridir. Ölkədə istənilən sahədə, idarəetmədə, ali qanunvericilikdə, hətta hüquq-mühafizə orqanlarında qadın işçilərinə rast gəlmək olar. Bir pillə geriləmənin səbəbi isə ya biz adiyyatı orqanlara düzgün statistika atmamışıq, ya da Azərbaycana qarşı qərəzli mövqe var. Bunun başqa izahı yoxdur. Son dövrlər beynəlxalq təşkilatların bizə olan qərəzi göz qabağındadır. Qərblərin təfəkkürü bundan ibarətdir ki, əgər müsəlman ölkəsisənsə deməli orada zorakılıq,qadınlara qarşı məhdudlaşmalar var. Əslində isə belə deyil”, - deputat bildirib.

İqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli hesab edir ki, bu reytinqi hesablamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

" Azərbaycanda sağlamlığın keşiyində duran orqanların hamısı bərbad gündədir. Dərmanların kefiyyəti isə sıfıra bərabərdir. Hələ bir pillə az geriləmişik. Yəqin nəyəsə görə bizə güzəşt ediblər.Qida təhlükəsizliyi sistemi isə heç işləmir. Mexanizm yoxdur. Kimsə sağlamlığında problem aşkarlansa bunu kiməsə sübut etmək olmur. Təhsildə bir qədər irəliləmə var. Ona da tam nail ola bilmirlər. Görünən kəndə nə bələdçi. Nə sağlamlıq sistemi, nə təhsil, nə qida təhlükəsizliyi pis gündədir. İqtisadiyyat da ki, hökumətlə bir qrup oliqarxın inhisarı altındadır. Ona görə də inkişafdan söhbət gedə bilməz. Hər hansı ciddi cəhdlər olmasa rəqabət bərpa olmasa,məhkəmələr müstəqilləşməsə,qanunun aliliyi təmin olunmasa düzələn deyil", - Akif Nəsirli söyləyib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə Azərbaycanda qadınların ən çox işlədiyi sahə təhsil sahəsidir, sadəcə Elm və Təhsil Nazirliyi vaxtında informasiyaları doğru təqdim etmir.

"Kişi və qadınların təhsil almasında əlçatanlığı kifayət qədər yüksəkdir. Müəllimlərin 80%-dən çoxu, şagirdlərin isə 46%-dən çoxu qadınlar təşkil edir. Sadəcə problem odur ki, doğulan qızların say nisbəti aşağıdır. Elm və Təhsil nazirliyi isə qadın işçilərin və təhsildə qızların statistikalarını zamanında doğru çatdırmadığı üçün nəticədə həmin parametrlərə təhsil sahəsi də daxil olub”, - Əsədov deyib.

Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildiri ki, cəmiyyətdə daha mənfi mövzular müzakirə olunduğu üçün hesabatda rəqəmlərdə geriləmə bununla bağlı ola bilər.

"Cəmiyyətdə maarifləndirmə işinin aparılması çox vacibdir. Mən demirəm ki, bu işlər aparılmır. Amma aparılan işlərin daha çox yayılması müsbət nəticələri də ortaya qoyur. Bu bütün sahələrə aiddir. Düşünürəm ki, hesabat xətrinə iş görən cəmiyyət olmamaıyıq. Qanunların cəmiyyət arasında izahını təbliğ etmək əsas işimiz olmalıdır. İnsanların hüquqlarının pozulması qanunları bilməmələrindən irəli gəlir”, - Ağazadə söyləyib.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Aydın Hüseynzadə deyir ki, Azərbaycan Şərqdə ilk ölkədir ki, qadın və kişilərə bərabərlik üçün eyni hüquqları verib.
"Müstəqil Azərbaycan Respublikası da gender məsələsinə olduqca həssas yanaşılır, ölkəmizdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında beynəlxalq Konvensiyaya qoşulub. "Gender bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı ildə qəbul edilib.  Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar”, - millət vəkili vurğulayıb.


Təmiz Dünya Qadınlar Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə bu hesabatda Azərbaycanın bir pillə geriləməsi siyasi məsələ də ola bilər.

"Qadınların gender məsələlərində bərabərlik hüququ üzrə müyyən addımlar atılıb və atılır. Maarifləndirmə işlərindən sonra bizə çoxlu müraciətlər daxil olur və bizə elə gəlir ki, hüquqların pozulması çoxalıb. Əslində isə bu maarifləndirmənin nəticəsidir. İnsanlar qanunlarla maraqlanır və hüquqlarını bərpa etməyə çalışır. Bu istiqamətdə formalaşma tam icra olunmayıb. Hesab edirəm ki, mexanizmlər daha da güclü olmalıdır”, - Zeynalova söyləyib.

Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Elman Nəsirovun sözlərinə görə isə bu qlobal məsələdir.

"Azərbaycan adətən bu indekslər üzrə həmişə yüksək pillədə olub. Hava, yol nəqliyyatları, və s. yüksək yerlərdədir. Hökumətin islahatlar  səviyyəsinə görə isə Azərbaycan birinci onluqda idi. Azərbaycanın gender reytinqində bir pillə aşağı enməsi pandemiya ilə bağlı ola bilər. Həm də Ailələrdə  zorakılıq faktları, erkən nigahlar və s. təsirini göstərib. Halbuki Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətidir. Bu istiqamətdə ardıcıl işlər görülür”, -  Nəsirov bildirib.

Azərbaycan selektiv abortların sayına  görə, 2021-ci ildə  dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə 100 qıza 116 oğlan düşür.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12-15 min nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu cür artmasının davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.  Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, fərdi sahibkarlar arasında isə 22 faizdir.Milli Məclisdə qadın deputatların sayı da artır. 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.

Dünya İqtisadi Forumunun proqnozlarına görə, dünyada tam gender bərabərliyinə nail olmaq üçün 132 il vaxt lazımdır. 2 il əvvəl – 2020-ci ildə isə tam gender bərabərliyi üçün 100 il vaxt lazım olduğunu açıqlamışdılar. /anews.az
Gundelik-Baku.Org