Bakı Forumu dünyada baş verən köklü dəyişikliklərlə bağlı yanaşmaların müzakirəsi üçün mühüm məkandır

Bakı Forumu dünyada baş verən köklü dəyişikliklərlə bağlı yanaşmaların müzakirəsi üçün mühüm məkandır
Bakı Forumu dünyada baş verən köklü dəyişikliklərlə bağlı irəli sürülən yanaşmaların müzakirəsi baxımından mühüm məkandır. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dövlətimizin başçısı proqram xarakterli çıxışında bu mühüm tədbirin təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. 60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi özü-özlüyündə bir göstəricidir, Forumda yüksək səviyyəli müzakirələrin keçiriləcəyinin əlamətidir. Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Prezident İlham Əliyev panellərdən birinin məhz multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. Vurğuladı ki, Azərbaycan böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı, bu istiqamətdə mühüm addımlar atdı. Sədrliyimiz dünyanı bürüyən pandemiya dövrünə təsadüf etdiyindən ölkəmizdən daha çevik hərəkətlilik tələb edirdi və bu ağır işin öhdəsindən gəlməyi bacardıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkəmiz Qoşulmama Hərəkatının üç Zirvə görüşünü keçirdi. Bir Zirvə görüşü pandemiyaya qarşı mübarizə məsələlərinə həsr olundu.
Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olduq və 2020-ci ilin dekabrında həmin mühüm tədbir təşkil edildi. Bununla da Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə verdi”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Elman Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev, həmçinin dünyanın pandemiyaya qarşı qlobal mübarizənin təşkili prosesində növbəti ciddi problemlərlə üz-üzə qaldığını diqqətə çatdırdı. Dedi ki, bu, “peyvənd millətçiliyi” məsələsi, peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı problem idi. Bu məsələlərin həlli istiqamətində beynəlxalq müstəvidə səsimizi ucaltdıq və ədaləti müdafiə etdik. Pandemiyaya qarşı mübarizə çərçivəsində əksəriyyəti Qoşulmama Hərəkatına üzv 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdik. Ümumdünya Səhiyyə Təşkilatına eyni məqsədlə 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımı ayırdıq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı prosesinə də ciddi töhfələr verdi. Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir.
Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda xüsusi olaraq toxunduğu məsələləri qeyd edən Elman Nəsirov deyib ki, onlardan biri də münaqişələrin həlli ilə bağlı olub. Bu xüsusda dövlətimizin başçısı Ermənistana və beynəlxalq ictimaiyyətə bir sıra mühüm ideya və baxışlarını çatdırdı, münaqişələrin həlli prosesinə diqqət cəlb etdi. Bu xüsusda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin timsalında konkret fikir, mülahizə və yanaşmalarını səsləndirdi. Qeyd etdi ki, bu münaqişəni dinc yolla həll etmək mümkün olmadı, səbəbi də bəllidir. ATƏT-in Minsk qrupu 1992-ci ildən münaqişənin “dondurulması”na xidmət edən siyasət həyata keçirdi. “Münaqişənin hərbi həlli yoxdur” tezisini əldə bayraq edərək, Ermənistanda arxayınlıq və cəzasızlıq sindromunun formalaşmasına rəvac verən davranış ortaya qoydu. Nəticədə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.
Milli Məclisin deputatı Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni azlığı ilə bağlı səsləndirdiyi fikirlərin də xüsusi əhəmiyyət daşıdığını bəyan etdi. Vurğuladı ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. /azertag.az
Gundelik-Baku.Org