“Azərbaycan ekofəalları israrlıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan ekofəalları israrlıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanın ekofəalları ötən il dekabrın 12-dən başlayaraq çox vacib və əhəmiyyətli bir missiyanı həyata keçirirlər. Bu missiyanın mahiyyəti ondan ibarətdir ki, gənc ekofəallar Qarabağda separatçı rejimin tör-töküntülərinin bizim təbii sərvətlərimizin talan edilməsi və ekoloji terror siyasətinə qarşı öz etiraz aksiyalarını həyata keçirirlər. Bu günə kimi də etiraz aksiyasının keçirilməsinə səbəb olan amillər aradan qaldırılmayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq dövlət qurumlarının Ermənistanın ekoloji terror siyasəti və təbii sərvətlərimizin talan edilməsi ilə bağlı monitorinq aparılması təmin edilməyib: “Bu proses hələ də yubadılır.
Hesab edirəm ki, bu proses və etiraz aksiyasının artıq nəticələri var. İlk növbədə qeyd edim ki, Qarabağdakı qondarma rejimin Vardanyan adlı dövlət naziri var idi. O çox ambisiyalı bəyanatlar verir, özünü səksəninci illərin separatçıları kimi aparır və Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmasının qeyri-mümkünlüyü ilə bağlı bəyanatlar verirdi. Azərbaycan dövləti və şəxsən ölkə Prezidenti cənab İlham Əliyev bu məsələlərlə bağlı olduqca prinsipial və qətiyyətli mövqe ortaya qoydu və dedi ki, heç bir halda Rusiya vətəndaşı, cinayətkar oliqarx və çirkli pulları Avropada yuyan Vardanyanla danışıqlar aparılmayacaq. Cənab Prezidentin bu təsirli mövqeyi öz nəticələrini verdi. Belə ki, Vardanyan artıq istefaya göndərildi”.
Elman Nəsirov sözlərinə belə davam edib: “Azərbaycan ekofəallarının bu prosesdəki rolu yüksək qiymətləndirilməlidir. Proses o vaxta qədər davam edir ki, bu etiraz dalğasının yaranmasına gətirib çıxaran motiv aradan qalxsın. Azərbaycan ekofəalları israrlıdır və öz mövqelərini sona qədər müdafiə etmək həcmindədir. Cənab İlham Əliyev də ekofəalların fəaliyyətini yüksək qiymətləndirir. Çünki ekofəallarımız tam fərqindədirlər ki, onlar haqq işini müdafiə edirlər və sona qədər də bu mübarizələrindən çəkinməyəcəklər. Son sözü Ermənistan tərəfi deməlidir və ekofəallarımızın qaldırdığı məsələlər yerindəcə həllini tapmalıdır. Əks halda, mübarizə davam edəcək və bu mübarizənin artıq Ermənistan cəmiyyətində, Eyni zamanda Qarabağda yaşayan ermənilər arasında rezonansı özünü göstərməkdədir”.
Gundelik-Baku.Org