Deputatlar xanımlarına 8 Martda nə aldılar?

Deputatlar xanımlarına 8 Martda nə aldılar?
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da bu gün xüsusi təmtəraqla qeyd edilir. Qadınların bayram günündə kişilər zərif cinsin nümayəndələrini təkcə xoş sözlərlə deyil, aldıqları hədiyyələrlə təbrik etməli olurlar.
Maraqlıdır, bu əziz gündə kişi deputatlarımız 8 Martda xanımlarına nə hədiyyə edirlər?
Cebhe.info bu sualla Milli Məclisin kişi deputatlarına müraciət edib:
*Millət vəkili Aydın Mirzəzadə:
“Bu gündə adətən öz xanımıma bir dəstə gül hədiyyə edirəm. Bununla bərabər, müxtəlif rayonlarda yaşayan şəhid analarına hədiyyə sovqatı da göndərirəm”.

*Deputat Elman Nəsirov:
“Azərbaycan xanımlarını  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik eləyirəm. Bizim əziz və dəyərli xanımlarımızı bu özəl gündə təbrik etmək hər bir kişinin borcudur. Çünki xanımların varlığı bizim üçün böyük bir bayramdır. Bu baxımdan bayram bayrama qarışıb. Mən də ənənəvi olaraq bu bayram günlərində həm ailəmizin xanım üzvlərini, həm də tanıdığım xanımları təbrik eləyirəm. Adətən, bu halda öz xanımıma gül və parfumeriya hədiyyə edirəm”. 

*Millət vəkili Müşviq Məmmədli:
“Bu gündə ən lazımlı və ən vacib hədiyyə qadınlara gül dəstəsidir. Mən bunu etmişəm”. 

*Deputat Ramil Həsən:
“Öz xanımıma bir buket gül hədiyyə etmişəm. Allah xanımlarımıza, başda şəhid analarımıza və bacılarımıza can sağlığı versin. Həm öz xanımlarımızın, həm də Azərbaycanın dəyərli xanımlarının qədir-qiymətini bilməliyik. Bütün xanımlarımıza və analarımıza sağlam ömür və gümrahlıq arzu edirəm”. 

*Millət vəkili Etibar Əliyev: 
“Öz xanımıma gül hədiyyə etmişəm. Düşünürəm ki, güldən yaxşı hədiyyə yoxdur. Qadınların ailədə, cəmiyyətdə və dövlət işlərində rolu yalnız bu bayram günündə yada salınmamlıdır. Qadınlar həmişə diqqətdə olmalıdırlar və onlara qayğı göstərilməlidir. Onların cəmiyyətdə mövqeyi hər zaman yüksək qiymətləndirilməlidir”. 

Gundelik-Baku.Org